Fındıq, qoz, şabalıd festivalının məhz Zaqatalada keçirilməsi heç də təsadüfi deyildir. Zaqatala, həm də fındıq diyarıdır və rayonda fındıqçılığın çox böyük potensialı var. Hazırda Azərbaycanda istehsal edilən fındıq məhsulunun 80 faizə qədəri məhz Zaqatala rayonundan ixrac olunur. Festivalın keçirilməsində əsas məqsədimiz fındıqçılığı daha geniş təşviq etmək, rayona turistləri cəlb etməkdir.
FED.az xəbər verir ki, bunu bölgə müxbirinə müsahibəsində Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
Azərbaycanın fındıq ixracı üzrə hazırda dünya ölkələri arasında 3-cü yerdə olduğunu bildirən Assosiasiya sədri qeyd edib ki, qarşıda duran əsas vəzifə üçüncü pillədəki yeri qoruyub saxlamaqdır.
“2017-ci ildə Azərbaycandan xaricə 21 min ton fındıq ləpəsi ixrac olunub. Bu il də ən azından bir o qədər məhsulun ixracı proqnozlaşdırılır. Yeni mövsümlə əlaqədar artıq fındıq məhsulunun ixracına start verilib və bugünədək xarici bazarlara 1000 tondan çox fındıq ləpəsi göndərilib”,- deyə İsmayıl Orucov bildirib.
Assosiasiya sədrinin məlumatına görə, idxalçı ölkələr arasında İtaliya, Rusiya və Almaniya ilk üçlükdədir. Ümumiyyətlə, Azərbaycanın fındıq məhsulu dünyanın 25 ölkəsinə ixrac olunur.
İsmayıl Orucov bildirib ki, bu il dünya bazarında fındığın qiymətinin aşağı düşməsi, idxalçı ölkələr tərəfindən formalaşdırılan qiymət strategiyası fermerlərin, ixracatçıların narazılığına səbəb olub. Lakin, bütün hallarda Azərbaycan fındıq ixracı sahəsindəki mövqeyini qoruyub saxlamağa çalışacaq.