İqtisadiyyat

Fermerlərə avans verilə bilər - YENİ TƏDARÜK STRATEGİYASI

Fermerlərə avans verilə bilər - YENİ TƏDARÜK STRATEGİYASI | FED.az
19:52 19 Dek 2018

Tədarük zənciri aqrar istehsalı müxtəlif iqtisadi alətlər vasitəsilə stimullaşdıran mexanizmdir.
 
FED.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli bildirib.
 
ELƏCƏ DƏ BAX: Azərbaycanda yeni Agentlik yaradıldı – FƏRMAN

Ekspert qeyd edib ki,nəzəri olaraq mərkəzləşdirilmiş dövlət satınalmalarının təşkili və kəmiyyət-keyfiyyət göstəricilərinin yüksəldilməsi makroiqtisadi tənzimləmədə mühüm əhəmiyyət kəsb edir. Bu sistemdə dövlət özü birbaşa alıcıdır və tələb-təklifin strukturunu formalaşdırır. Dövlətin nəzarətində olan müəssisələr böyük həcmdə ərzaq tələbatına malikdir, digər tərəfdən bazarlarda tez-tez baş verən “qiymət təlatümləri”nə dolayı yolla müdaxilə etmək, intervensiya yaratmaq üçün tədarük sistemi uğurlu modeldir.
 
Nicat Nəsirili nəzərə çatdırıb ki, bu zəncirə ilkin istehsalçılar, tədarükçülər, topdansatışçılar, istehlakçılar kimi geniş seqmentli kütlələr daxildir. Özündə məhsul və xidmətlərin başlanğıc mərhələdən tutmuş son istehlakçıya çatdırılması, bu prosesdəki çoxsaylı fəaliyyətləri, insan resurslarını, texnologiyaları, şirkətləri və digər resursları ehtiva edir. Prosesdəki mərhələlər sistemli halda bir-birini izləyir: istehsal, logistika-anbarlama, təchizat prosesi, marketinq kimi proseslər sistemin dövriliyini təmin edir. Müasir yanaşmalarda tədarük zəncirinin hədəfləri bunlardır: yerli istehsalın davamlılığının təmin edilməsi, aqrar sahədə sığorta, kooperasiya, maliyyə təminatı kimi iqtisadi mexanizmləri formalaşdırmaq, dövlətin istehsalçı, istehsalçının isə dövlət qarşısında məsuliyyətini artırmaq, qiymət dəyişmələri və süni qiymət artımı zamanı bazarlara müdaxilə və resurslardan səmərəli istifadə.
 
Artıq iki ildir ölkəmizdə aqrar sektorda mərkəzləşdirilmiş tədarük sistemi tətbiq olunur. Prezidentin 2016-cı il 11 aprel tarixli Sərəncamı ilə ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydaları təsdiq edilib və “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yaradılmışdı. O vaxt Səhmdar Cəmiyyətin qarşısında ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emal sənayesini stimullaşdırmaq, ərzaq məhsullarının keyfiyyətini artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadə, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq, ərzaq məhsullarında idxaldan asılılığı azaltmaq, ixracın şaxələndirilməsi və xarici bazarlarda mövqelərin gücləndirilməsi kimi hədəflər qoyulmuşdu.
 
Dövlətimizin başçısının 2018-ci il 14 dekabr tarixli Sərəncamı ilə əvvəlki qurum ləğv edilərək sistemin səmərəliliyinin artırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan “Aqrar tədarük və təchizat” ASC-nin yaradıldığını xatırladan Nicat Nəsirli deyib: “Bu addım onu göstərir ki, çevik tədarük sisteminin qurulması dövlətin aqrar siyasətinin başlıca istiqaməti olaraq qalır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə yeni tədarük strategiyasının vacib elementlərinə əsasən, sistem bütün kənd təsərrüfatı məhsulları istehsalçılarının bazara çıxışının asanlaşdırılmasına imkan yaratmaqla sahədəki satış qiyməti ilə son istehlakçı bazarındakı qiymət arasındakı fərqin yaxınlaşdırılmasını, kənd təsərrüfatı məhsulları bazarında qiymətlərin əlverişsiz olduğu hallarda tədarük intervensiyalarının tətbiqini, regionlarda meyvə-tərəvəz, kartof və bostan məhsulları üzrə topdansatış və logistika xidmətlərini həyata keçirən bazar infrastrukturu obyektlərinin qurulmasını təmin etməlidir.
 
Son iki illik təcrübəni nəzərə alaraq bundan sonrakı dövrdə tədarük strategiyasını aşağıdakı istiqamətlərdə müəyyən etmək olar:
 
1. Ölkə üzrə istehsalın planılaşdırılmasında iştirak: hər il regionlarda bir neçə məhsul üzrə tələbatdan artıq istehsal baş verir. Bunun qarşısını almaq üçün Aqrar Tədqiqatlar Mərkəzi, yerlərdəki DAİM-lərlə birlikdə regionların təsərrüfat xüsusiyyətlərinə uyğun istehsal kvotalarının müəyyən olunması, yerli və xarici bazar araşdırmaları üzrə fermerlərin informasiya təminatının qurulması;
 
2. “Tarlabaşında tədarük” siyasəti: bununla mövsümi məhsul bolluğunun qarşısının alınması və paytaxtda keçirilən yarmarkaların “tədarük yarmarkaları”na çevrilmələrinə nail olmaq;
 
3. Avans mexanizminin tətbiqi: kənd təsərrüfatı istehsalı mövsümi və iqlim amillərindən asılı olduğu üçün kənd adamlarının ildə bir neçə dəfə ucuz maliyyə vəsaitinə ehtiyacı olur. Bankların yüksək faizlə, bahalı girovlar qarşılığında verdikləri vəsait istehsalçı üçün əlverişli deyil, avans isə faizsiz vəsait olmaqla fermerə böyük dəstəkdir, eyni zamanda, yetişdirilən məhsulun orta bazar qiymətinə alınacağına verilən təminat rolunu oynayır. Avans mexanizmi idxaldan asılı olduğumuz məhsulların yerli istehsalına nail olmağa imkan verərək istehsalın strukturunda ciddi dəyişikliklərin edilməsinə yol açacaq.
 
4. Saxlama imkanlarının genişləndirilməsi: aydın məsələdir ki, ildə bir neçə dəfə baş verən qiymət dəyişmələrinin əsas səbəbi ölkədə yetərincə anbarların olmamasıdır. Ölkənin kənd təsərrüfatı məhsullarına tələbatını tam ödəmək üçün hər bir məhsul növü üzrə anbarların tikilməsi, ehtiyatların yaradılması lazımdır.
 
5. Şaxələndirilmiş ixrac siyasəti: kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı xüsusi yanaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Prioritet bazarların və rəqabətqabiliyyətli məhsulların müəyyənləşdirilməsi, sonra isə həmin bazarlar üzrə marketinq araşdırmalarının həyata keçirilməsi və bazarların tələbinə uyğun məhsul istehsalı və ya tədarükü sisteminin formalaşdırılması ilə bağlı müvafiq hesablamaların (ilkin texniki-iqtisadi əsaslandırmaların) aparılması, bunun nəticəsi olaraq məhsulun əlavə dəyərinin artırılması tədbirlərinin, o cümlədən qablaşdırılması, etiketlənməsi, sertifikatlaşdırılması, brendləşdirilməsi və s. işlərin yerinə yetirilməsi nəzərdə tutulur.
 
6. Tədarük-emal zənciri: ölkədə hər il istehsal olunan bəzi məhsullar satış perspektivinə malik deyil. Vaxtında fitosanitar tədbirlərin aparılmaması ucbatından məhsulların həm əmtəə, həm də keyfiyyəti aşağıdır. Belə məhsulları tədarük edib, satışa göndərmək mümkün deyil, həmin məhsullarım emalını quraraq dəyər zənciri yaratmaq qaçılmazdır.
 
7. Fermerlərin maarifləndirilməsi: təcrübələr göstərir ki, regionlarda yaşayan fermerlərin əksəriyyətində biznes yanaşmaları, fərdi təsərrüfatın uçotunun qurulması kimi qabiliyyətlər aşağı səviyyədədır. Bu göstəricilərin olmaması fermerlərə tərəfdaş yanaşmaları qurulmasına imkan vermir. Uğurlu tədarük strategiyasının qurulması üçün maarifləndirmə əsas istiqamətlərdən biridir.
 
8. Elektronlaşma: milyon tonlarla məhsulun hərəkətini izləmək üçün müasir texnologiyaların tətbiqi qaçılmazdır. Ölkə üzrə istehsalçıların vahid bazasının yaradılması, torpaq, məhsuldarlıq haqqında proqnozların toplanması, məhsulların anbarlara giriş-çıxışı haqda uçot sisteminin qurulması dövlət vəsaitlərindən istifadədə şəffaflığı təmin edəcək.
 

Digər xəbərlər