Kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15 389 istehsalçıya təhvil verdikləri 207,2 min ton xam pambığa görə 20 mln. 719,30 min manat, 10 rayon (şəhər) üzrə 462 istehsalçıya təhvil verdikləri 2,5 min ton quru və 15,5 min ton yaş tütünə görə 201,1 min manat və 28 (şəhər) rayon üzrə 3 235 istehsalçıya təhvil verdikləri 396,1 min ton şəkər çuğunduruna görə 1 mln. 584,6 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edib.
Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə və rayon (şəhər) kənd təsərrüfatı idarələrinə göndərilib.