2018-ci ildə Azərbaycanda baş verən iqtisadi hadisələr və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, 2019-cu ildə daha sürətli iqtisadi artım üçün baza yaradıldığını söyləyə bilərik. Fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün bir baza formalaşdırır.
FED.az xəbər verir ki, bu barədə "Azertag"a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, 2017-ci ildə əldə edilən iqtisadi stabillik 2018-ci ildə iqtisadi artıma nail olunmasına imkan yaratdı. O xatırladıb ki, 2014-cü ildə dünya neft bazarında yaşanan şok inkişaf etmiş və inkişaf etməkdə olan neft ölkələrinə xarici faktor kimi təsir göstərməyə başladı. Xüsusən 2014-cü ildən etibarən Azərbaycan üçün əsas prioritet məhz xarici faktorların və şokların təsirlərini minimumlaşdırmaq oldu. Nəticə etibarilə 2017-ci ildə iqtisadiyyatda stabilliyin əldə edilməsini müşahidə etdik. Bu stabillik 2018-ci ildə bütün makroiqtisadi göstəricilərdə artıma nail olunması üçün imkan yaratdı.
2018-ci ilin iqtisadiyyatında diqqət çəkən ən mühüm məqamlardan biri o oldu ki, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektoru üzrə artımlar ümumi iqtisadi artımları üstələdi. Qeyri-neft ÜDM-ni ümumi daxili məhsulla, qeyri-neft sənayesini sənayedəki artımla müqayisə etsək böyük fərq var. Bu, ötən il qeyri-neft sektorunun daha çox və proqnozlaşdırılandan artıq inkişaf etdiyindən xəbər verir. Qeyri-neft sənayesindəki artımın ikirəqəmli olması bir daha təsdiq edir ki, qeyri-neft sənayesi və qeyri-neft sektoru artım faizi baxımından aparıcı mövqeyini qoruyub saxladı. O baxımdan 2018-ci il bütün əsas makroiqtisadi göstəricilərdə artımın qorunub saxlanması, eyni zamanda, artım tempinin keyfiyyət baxımından yenilənməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı imkanların artırılması kimi yadda qaldı.
Ötən ilin Azərbaycanın valyuta ehtiyatlarının artırılması baxımından da mühüm illərdən olduğunu deyən V.Bayramov qeyd edib ki, neftin dünya bazarında qiymətinin çox da yüksək olmamasına baxmayaraq, 2017-2018-ci illərdə Azərbaycan valyuta ehtiyatlarının həcmini artıra bilib. Valyuta ehtiyatlarının həcminin artması Azərbaycan üçün sığorta yastığının formalaşdırılması baxımından vacibdir. Azərbaycan strateji valyuta ehtiyatlarını artırmaqla iqtisadiyyatdakı dayanıqlığı birmənalı şəkildə gücləndirmiş oldu. Ötən ilin yanvar-sentyabr aylarında strateji valyuta ehtiyatları 45 milyard dolları ötüb. Bu da ölkənin 32 aylıq mal və xidmətlər idxalı üçün kifayətdir. "Valyuta ehtiyatlarımızın həcmi Azərbaycanın xarici borcundan 3 dəfə çoxdur. Bu da iqtisadi baxımından, xüsusən təhlükəsizliyin formalaşdırılması kontekstində çox vacibdir", - deyə V.Bayramov vurğulayıb.
Ekspert deyib ki, Azərbaycan 2018-ci ildə yalnız Dövlət Neft Fondunun ehtiyatlarını deyil, həm də Mərkəzi Bankın ehtiyatlarının artırılmasına nail ola bilib. Bu da hər iki istiqamətdə ehtiyatların artırılması baxımından önəmlidir.
Ötən il həm də ticarət və tədiyə balansında müsbət saldonun əldə edilməsi və möhkəmlənməsi ilə yadda qaldı ki, bu da makroiqtisadi stabillik baxımından vacibdir. Azərbaycanın ticarət balansında 7 milyard manatdan artıq müsbət profisit var ki, bu da ötən il həm tədiyə, həm ticarət balansında müsbət tendensiyanın güclənməsindən xəbər verir.
"2018-ci ildə həm ölkəmiz, həm də region üçün Azərbaycanın təşəbbüsü ilə reallaşan bir sıra layihələrin başlaması kimi yadda qaldı. 40 milyard dollardan artıq sərmayəsi olan, region üçün strateji əhəmiyyətli layihə sayılan Cənub Qaz Dəhlizinin açılışı həyata keçirildi. Bu layihənin reallaşması birbaşa dövlətimizin başçısının siyasi iradəsi nəticəsində mümkün oldu. İnvestisiya tutumu yüksək olduğu üçün layihənin reallaşması üçün qeyri-müəyyənliklər vardı. Lakin buna rəğmən Azərbaycan öz siyasi iradəsini nümayiş etdirməklə, ölkəmizin birbaşa təşəbbüsü və imkanları daxilində layihə reallaşdı. Bu, qonşu Türkiyə bazarına əlavə olaraq 8 milyard kubmetr mavi qazın nəqli, Avropaya ilk mərhələdə 10 milyard, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəqli deməkdir. Bütövlükdə, layihə Avropa və Türkiyə bazarına 31 milyard kubmetrdən artıq mavi qaz nəqlinə imkan verəcək. Bu, həmçinin imkan verəcək ki, Azərbaycan Cənub Qaz Dəhlizinin reallaşmasından 120 milyard dollardan artıq gəlir əldə edə bilsin. Eyni zamanda, Azərbaycan xaricdəki investisiya qoyuluşlarını artırdı. SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi "Star" neft emalı zavodu (NEZ) 7 milyon dollara yaxın sərmayə tutumu olan və Türkiyənin enerji məhsullarına olan tələbatını ödəyəcək bir zavoddur. Xüsusən rentabellik baxımından Türkiyə bazarındakı tələbi nəzərə alsaq, bu, Azərbaycanın xarici sərmayələrinin şaxələndirilməsi və gəlirliliyinin artırılması baxımından vacib hesab olunur", - deyə ekspert diqqətə çatdırıb.
Vüqar Bayramov deyib: "Bütövlükdə, 2018-ci ildə baş verən iqtisadi hadisələr və makroiqtisadi göstəricilərdəki artımı nəzərə alsaq, 2018-ci il növbəti il üçün daha sürətli iqtisadi artım üçün baza formalaşdırdı. Belə ki, yalnız Azərbaycan hökuməti deyil, beynəlxalq maliyyə qurumları da 2019-cu ildə Azərbaycanda iqtisadi artım tempinin 3,6 faizdən çox olacağını proqnozlaşdırırlar. Nəzərə alsaq ki, ötən il təxminən 1 faiz iqtisadi artım qeydə alındı. Bu baxımından 2019-cu il məhz iqtisadi artım mərhələsinə daxil olmaq kimi qiymətləndirilməlidir. Fiskal siyasətdə proqnozlaşdırılan artımlar, xüsusən qeyri-neft sektorunun inkişafı hesabına iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı hədəflər 2019-cu ildə sürətli iqtisadi artıma nail olunması üçün bir baza formalaşdırır".