2017-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 2093,7 milyon manat vəsaitin 1503,3 milyon manatı neft sektoruna, 590,4 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 69,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, istifadə olunmuş vəsaitin 89,2 faizi məhsul istehsalı obyektlərinin, 8,1 faizi xidmət sahələri üzrə obyektlərin, 2,7 faizi isə ümumi sahəsi 209,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 32,9 faizini təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 77,2 faiz, bank kreditləri 11,4 faiz, büdcə vəsaitləri 8,0 faiz, əhalinin şəxsi vəsaitləri 2,7 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,7 faiz təşkil edib.