Fermerlərin ərzaqlıq buğda istehsalına çəkdiyi xərclərə uyğun olaraq subsidiya məbləği dəyişə bilər.
FED.az xəbər verir ki, bu barədə məsələyə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən aydınlıq gətirib.
“Biz buğdaya subsidiyanın yüksək verilməsini bəlkə bu gün tənqid edə bilərik. Ərzaqlıq buğdanın əhəmiyyətli hala gəldiyi bir vaxtda, əgər deyilsə ki, ərzaqlıq buğda bizdə niyə daha çox istehsal edilmir? Xərclərə baxdıqda bunu istehsal etmək üçün fermerin iki qat xərc çəkəcəyi tələbi ilə qarşılaşdıqda, biz həmin subsidiyanı artırmaq məcburiyyətində qalacağıq. Bu, bugünkü dövrün və ya bugünkü dünyanın gətirdiyi tələblər istiqamətində subsidiyanın müxtəlif indikatorlara bağlı olaraq dəyişə biləcəyini göstərir”, - deyə İlhamə Qədimova bildirib.
Xatırladaq ki, 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərara əsasən subsidiyanın baza məbləği 200 manat təşkil edir.
“Əslində 200 manat baza məbləğidir. Əmsallarla həmin məbləğlər qeyd etdiyimiz indikatorlar nəzərə alınmaqla artırıla və azaldıla bilər. Mexanizm məhz bunun üzərində qurulub ki, müəyyən dövrlər ərzində tələblərə uyğun olaraq istifadə edilsin. 2021-ci il üçün bildiyiniz kimi, yanacaq xərclərinin artması səbəbindən əlavə olaraq dövlət tərəfindən müəyyən məbləğ ayrıldı və əmsallar artırılaraq fermerlərə ödənildi”, - deyə nazir müavini əlavə edib. (Apa)