“Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılması Azərbaycanda ərzaq təminatında daxili istehsalın payının artırılması ilə bağlı geniş imkanlar yaradacaq.
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb - FƏRMAN
FED.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat qeyd edib ki, “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin yaradılmasında məqsəd ərzaq təminatı və ərzaq təhlükəsizliyi ilə bağlı məlumatların sistemləşdirilməsi və bir portal vasitəsilə təqdim edilməsindən ibarətdir.
“Nəzərə alsaq ki, həm regional, həm qlobal hadisələr fonunda ərzaq təhlükəsizliyi ilə bağlı çağırışlar yaranır və bu kontekstdən də həm daxili istehsalat, həm idxal nəzərə alınmaqla bu sahədəki məlumatların sistemləşdirilməsi çox vacibdir. Məqsəd həm məlumatların xəritə formasında təqdim olunması, məlumatlara əlçatanlığın gücləndirilməsi, eyni zamanda, bu sahədəki vəziyyətin əvvəlcədən qiymətləndirilməsidir. Çünki bu, bir sıra hallarda ərzaq təminatı ilə bağlı preventiv addımların atılmasını planlaşdırır. Bu baxımdan da ərzaq təminatı ilə bağlı mövcud vəziyyətin daha da yaxşılaşdırılması və məlumatların bölüşdürülməsi yolu ilə bütövlükdə töhfənin artırılması önəmlidir. Bu, eləcə də yerli istehsalın genişləndirilməsi, yerli istehsal hesabına daxili tələbin ödənilməsi də məhz informasiyaların doğru işlənməsindən asılıdır”, - deyə deputat əlavə edib.










