2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz bahalaşmışdır.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,5 faiz ucuzlaşmış, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşmışdır.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, pasterizə olunmamış üzlü südün, çay və qəhvənin, mineral sular və bulaq suyunun, şəkər və şəkər tozunun, kartofun, şirin bibərin, pomidorun, xiyarın, çiyələyin, əriyin, alçanın, gilasın, tütün məmulatlarının qiymətlərində ucuzlaşma, kərə və zeytun yağlarının, kolbasa məmulatlarının, yumurtanın, almanın, limonun, soğanın, çuğundurun, göyərtinin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
İyun ayında may ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının, fərdi və planşet tipli kompüterlərin qiymətlərində bahalaşma, kitabların, telefon aparatlarının, soyuducu və paltaryuyan maşınların, kondisionerlərin, ventilyatorların, şirəsıxanların, elektrik çaydanlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
İyun ayında əvvəlki aya nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin, ev və məişət xidmətlərinin, məişət cihazları, zinət əşyaları və saatların təmiri, respublikadan kənara istirahət turlarının qiymətlərində bahalaşma, mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri xidmətlərinin, kafelər tərəfindən yeməklə təmin edilmə xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.