Ermənistanın müxtəlif bölgələrində, o cümlədən paytaxt İrəvanda və Gümrüdə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyaların fonunda ölkədəki ağır sosial-iqtisadi vəziyyətin qismən də olsa diqqət mərkəzindən kənarda qalmasına baxmayaraq, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması erməni ekspertlərini və siyasətçilərini dilə gətrib.
Eləcə də bax: Tahir Mirkişili: “Ermənistan borc içindədir”
FED.az xəbər verir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
E.Mirzəbəyli bildirib ki, son 1 ay ərzində ABŞ dolları 25, Avro isə 44 dram bahalaşıb:
"Bu, Ermənistan Mərkəzi Bankının elan etdiyi rəqəmlərdir. Kommersiya banklarında və valyutadəyişmə məntəqələrində isə xarici valyuta dəfələrlə baha satılır. Dramın ucuzlaşması və valyuta qıtlığı ölkəyə ərzaq məhsullarının gətirilməsində də ciddi problemlər yaradıb. İnflyasiyanın kritik həddə yaxınlaşması Ermənistan dramının devalvasiyası üçün zəmin yaradıb.
Erməni ekspertləri devalivasiyanın qaçılmaz olduğunu bildirirlər. Bundan başqa, ölkənin elektrik təchizatında da ciddi problemlər yaşandığı bildirilir. Erməni işğalına son qoyulması nəticəsində azad edilən ərazilərdəki 36 Su Elektrik Stansiyasından 30-nun Azərbaycanın nəzarətinə keçməsi Ermənistanın ölkəmizlə həmsərhəd olan rayonlarında elektrik təminatı ilə bağlı ciddi problemlər yaradıb. Eyni vəziyyət əkin sahələri və dağ-mədən sənayesi ilə də bağlıdır".
E.Mirzəbəyli vurğulayıb ki, 30 ilə yaxın bir müddət ərzində Azərbaycanın təbii sərvətlərini talan edən işğalçılar, mövcud reallıqların ÜDM-ə maksimum təsir göstərəcəyini bildirirlər:
"Ermənistanın hərbi birləşmələrinin darmadağın edilməsi və işğala son qoyulması nəticəsində təcavüzkarın nəzarətindən çıxan və yalnız buğda əkilən sahə 50 min hektardan çoxdur ki, Ermənistan hər il bu ərazilərdən minimum 550 min ton buğda əldə edirdi. Ümumilikdə isə, Azərbaycan Ordusu 95 min hektar əkin sahəsini işğaldan azad edib ki, bu da Ermənistanın ərzaq təminatında kompensasiyası mümkün olmayan problemlər yaranmasına səbəb olub.
Müharibəyə qədər böyük iddialarla çıxış edən Ermənistanda indi reallığa daha yaxın fikirlər səsləndirilir. Məsələn qeyd olunur, erməni xalqına artıq öz taleyi haqqında düşünmək lazım deyil. Çünki onlardan daha heç nə soruşan olmayacaq. Siyasi hakimiyyətə can atanlar müəyyən revanşist bəyanatlar səsləndirsələr də, ictimai rəy reallığı qismən də olsa dəyərləndirməyə başlayıb və gələcək nəsillərə indikindən nə qədər az ərazi və nə qədər çox borc qoyacaqlarından danışırlar".