Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərər 104 milyard dollar olaraq hesablanıb.
Türkiyədə zəlzələdən zərər çəkənlərə 30 milyard lirə - NAĞD YARDIM VERİLDİ
FED.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlaması zamanı bildirib.
"6 fevral 2023-cü ildə Türkiyədə əsrin fəlakəti olaraq xarakterizə edilən zəlzələlərdə 50 mindən çox insan həyatını itirdi. Zəlzələnin baş verdiyi 11 vilayətdə 311 min bina yararsız hala düşüb. İş yerləri, kənd təsərrüfatı sahələri, müəssisə və fabriklərə ziyan dəyib. 14 milyon insanımız zəlzələnin mənfi təsirlərini yaşayıb. Qısa bir vaxt ərzində daimi yaşayış evlərinin tikintisinə başladıq. Oktyabr-noyabr aylarından başlayaraq mərhələli şəkildə evləri təhvil verməyə başlayacağıq",- deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidenti vurğulayıb ki, ilk bir ildə 319 min evin tikintisini başa çatdırıb, sahiblərinə təhvil verəcəyik. Ümumilikdə 650 min yaşayış evi tikməyi hədəfləyirik. Zəlzələnin ölkə iqtisadiyyatına vurduğu zərər 104 milyard dollar olaraq hesablanıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. (Trend)