Son bir həftə ərzində Bakı iki beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Əvvəl Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, ardınca isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu.
“Davosdakı iqtisadi çəkimiz Münhendə özünü siyasi və diplomatik müstəvidə göstərdi”
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Elnur Allahverdiyev bu barədə fikirlərini bildirib.
E.Allahverdiyev hesab edir ki, belə dünya əhəmiyyətli tədbirlər həm Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun göstəricisidir, həm də dövlətimizin müxtəlif problemlərlə bağlı mövqeyinin nümayiş etdirilməsi üçün əlverişli platformadır:
“Belə böyük beynəlxalq tədbirlər Azərbaycandakı mövcud reallığın dünyaya çatdırılması, əldə edilən nailiyyətlərin nümayiş etdirilməsi baxımından da vacibdir. Sadə dillə desək, bu, bir reklam fürsətidir. İqtisadi durumumuz, siyasi nailiyyətlərimiz, hərtərəfli potensialımızın reklamı. Ölkəmiz barədə həqiqətlərin dünyaya çatdırılması. Çünki X Qlobal Bakı Forumu və Qoşulmama Hərəkatının Covid-19 kimi aktual problemə həsr edilmiş Zirvə görüşü tək iştirakçılar deyil, həmçinin dünya ictimaiyyətinin və qlobal KİV-in diqqəti deməkdir. Ümumiyyətlə qeyd etmək lazımdır ki, dövlətimiz Qoşulmama Hərəkatı kimi böyük beynəlxalq təşkilatın verdiyi imkanlardan olduqca səmərəli istifadə edir. Hətta özü də təşkilat üçün yeni imkanların açılması təşəbbüsü ilə çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın quruma sədrlik müddəti bu ilin sonunadək uzadılıb. Bu, bizə olan hörmət və etibarın növbəti göstəricisidir”.
Deputatın fikrincə, Bakı artıq bir neçə ildir ki, belə iri tədbirlərin keçirildiyi mərkəz kimi beynəlxalq ictimai rəydə özünə yer qazanıb: “Qoşulmama Hərəkatının tədbriləri Azərbaycanın bir sıra mühüm siyasi problemlərlə bağlı dəstək əldə etməsi üçün qiymətli müstəvidirsə, Qlobal Bakı Forumu siyasi mesajların verilməsi üçün əlverişli platformadır. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransından sonra Ermənistanla münasibətlərə və yekun sülh müqaviləsinə dair ən əhəmiyyətli bəyanatlarını məhz X Qlobal Bakı Forumunda verdi. Forum iştirakçıları beynəlxalq ictimai rəyə ciddi təsir edən siyasət və dövlət adamlarıdırlar. Bu, olduqca effektiv vasitədir”.