Azərbaycanda iqtisadi artım tempi dünyanın artım tempindən aşağıdır.
FED.az xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
Deputat qeyd edib ki, Azərbaycan üçün sağlam iqtisadi artım tempi 5 % təşkil edir: “Buna ölkədə islahatları dərinləşdirməklə, ciddi addımlar atmaqla nail olmaq olar. Bundan əlavə innovativ məhsulların həcmi artmalıdır. Ölkədə innovativ məhsullar bütün məhsulların 0,5 %-nə bərabərdir. Azərbaycanda istehsal olunan sənaye məhsullarının 90 %-dən çoxu Bakı və Abşeronda yerləşir. Regionlarda daha perspektivli və innovativ iş yerlərinin açılması istiqamətində addımların atılması çox vacibdir”.
Ə. Məsimli həmçinin əlavə edib ki, Azərbaycanda iqtisadi artım tempi dünyanın orta artım tempinin altında formalaşmağa başlayıb: "Yəni, yavaşımış iqtisadi artım trayektoriyasına keçib. Hesab edirik ki, Azərbaycanın yetərincə potensialı var ki, yavaşımış iqtisadi artım trayektoriyasından sürətlənmişə keçsin". (Report)