Bu gün Milli Məclisin iclasında Azərbaycan Prezidentinin təşəbbüsü ilə Milli Məclisə daxil olan “Ələt Azad İqtisadi Zonası haqqında qanun”a dəyişikliklər layihəsi müzakirə olunub.
Eləcə də bax: Ələt Azad İqtisadi Zonasında vergi yeni qaydada - TƏNZİMLƏNƏCƏK
FED.az xəbər verir ki, yeni qanun layihəsi, bir çox məsələlərdə dəyişiklik edilməsini nəzərdə tutaraq azad zonanın fəaliyyətinin təkmilləşməsinə şərait yaradacaq və eyni zamanda yerli sahibkarların rəqabətqabiliyyətinin artmasına yardımçı olaraq onları daha əlverişli iqtisadi mühitlə təmin edəcəkdir.
Belə ki, bir neçə dəyişiklikləri özündə ehtiva edən qanun layihəsi, azad zonada vergi tənzimlənməsi məsələsində də yeni mexanizmlər tətbiq edir. Bu fundamental dəyişikliklərdən biri də daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən azad zona hüquqi şəxslərinin bütün vergilərdən azad olmasıdır. Qanun layihəsi həm də, əsas iqtisadiyyatın subyektləri üçün bir neçə hallarda vergidən azadolma istisnası tətbiq edir. Artıq əsas iqtisadiyyatın vergi ödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar. Bundan əlavə, əsas iqtisadiyyatdan azad zonaya və azad zonadan əsas iqtisadiyyata malların, işlərin və xidmətlərin təqdim edilməsi vergitutma məqsədləri üçün malların və xidmətlərin idxalına və ixracına bərabər tutulacaqdır. Bu da öz növbəsində əsas iqtisadiyyat subyektlərinə mal və xidmət təqdim edərkən digər ölkə subyektləri ilə rəqabət apara bilməsi üçün effektiv şərait yaradacaqdır. Qanun layihəsində əks olunan yeniliklərdən biri də, azad zona işçilərinin gəlirindən vergitutma daxili qaydalarla müəyyən edilməsidir.
Azad zonada gömrük işinin səmərəliliyinin artırılması məqsədilə qanun layihəsində bir neçə dəyişikliklər nəzərə çarpır. Belə ki, azad zona hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara görə gömrük rəsmiləşdirilməsi üçün ödənişdən başqa heç bir rüsum və vergi tətbiq edilməyəcəkdir. Azad zonada tətbiq edilən gömrük qanunvericiliyinə, nəzərdə tutulan hallarda əsas iqtisadiyyat qanunvericiliyi də tətbiq oluna bilər. Gömrük işinin təşkili zamanı, rəsmiləşdirməsinə və nişanlanmasına nəqliyyat vasitələri də əlavə olunur. Qanun layihəsi əsas iqtisadiyyat subyektləri üçün təminedici funksiyasını göstərəcək azad zona ərazisinin bir hissəsini zonanın gömrük ərazisi sayılmayan və əsas iqtisadiyyat qanunvericiliyinin azad zonanın maraq və mənafelərinə xələl gətirməmək şərtilə tətbiq edildiyi ərazi kimi ayıra bilməsini özündə birləşdirir. Bu da, azad zona hüquqi şəxsləri ilə əsas iqtisadiyyat subyektləri arasında əməkdaşlıq və inteqrasiya səviyyəsinin artmasına imkan verəcəkdir.
Qanun layihəsində azad zonanın fəaliyyətinin effektivliyinin artırılması, mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə tətbiqi nəzərdə tutulan digər dəyişikliklər isə aşağıdakılardır:
- azad zona rezidenti və əsas iqtisadiyyatın vergi ödəyicisi anlayışının dəqiqləşdirilməsi;
- cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin azad zonada tətbiq edilməsi;
- azad zona səlahiyyətli qurumunun fəaliyyətinin effektivliyinin artırılmasının təmin edilməsi üçün öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqlarının əlavə edilməsi;
- azad zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyinin tətbiqi nəzərdə tutan yeni maddənin əlavə olunması;
- azad zonaya investisiya qoymaq və azad zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək, xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilməsi və yalnız azad zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün bu hüququn saxlanılması.
Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.