Bu ilin fevral ayı ərzində "Elektron hökumət" portalı vasitəsi ilə 1 673 687 dəfə elektron xidmətlərə müraciət sayı qeydə alınıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, xidmətlərinə ən çox müraciət olunan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Belə ki, fevral ayı ərzində bu qurumun xidmətlərinə 946 min 84 dəfə müraciət olunub. Nazirliyin ünvanlı dövlət sosial yardımı üzrə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə hazırlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) adlı xidmətinə ay ərzində 394 389 dəfə müraciət edilib.
Müxtəlif istiqamətləri əhatə edən 37 xidməti portala inteqrasiya edən NRYTN xidmətlərinə isə ötən ayda müraciət sayı 565 935-ə çatıb. Nazirliyin çox istifadə olunan elektron xidməti “Mobil nömrə daşınması xidməti vasitəsi ilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” xidmətidir ki, ay ərzində xidmət üzrə müraciət sayı 300 300-ə çatıb.
Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərə ay ərzində müraciət sayı isə 71 470-dir. Komitənin təqdim etdiyi “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük bəyannaməsinin qəbulu” elektron xidmətinə 55 min 99 dəfə müraciət edilib.
Portal üzərindən fərdə məxsus məlumatı elektron qaydada formalaşdırmağa, çap edərək aidiyyatı quruma ötürməyə imkan yaradan elektron arayışlardan isə fevral ayı ərzində 25 862 dəfə istifadə edilib.
Əsasən yay aylarında daha aktual olan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətləri bütün qurumları qabaqlayaraq liderlik etdiyi halda, fevral ayında bu qurumun xidmətlərinə nisbətən az - 18 701 dəfə müraciət edilib.