Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Strateji yol xəritələrinin 2019-cu ildə icra vəziyyəti müzakirə edilib.
FED.az xəbər verir ki, müzakirələrdə icrası nəzərdə tutulan və icra edilən tədbirlər, bu prosesdə qarşıya çıxan çətinliklər, tapşırıqların icrasının sürətləndirilməsi imkanları təhlil olunub.
Eləcə də bax: Strateji Yol Xəritələrinin hədəfləri dəyişir - RƏY
Əsas müzakirələr fiskal dayanıqlılığın güclənməsi və davamlı monetar siyasətin qəbul edilməsi, özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi, insan kapitalı və əlverişli biznes mühitinin inkişaf etdirilməsi ətrafında aparılıb. Qeyd edilib ki, ötən illər ərzində bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb.
İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı xatırladıb ki, bu ilin ilk 7 ayında Azərbaycanda qeyri-neft sektorunun artım tempi 3 faiz, qeyri-neft sektoru üzrə ixrac 17 faiz və qeyri-neft sənayesi 15,8 faiz artdığı halda inflyasiya cəmi 2,7 faiz təşkil edib və manatın sabitliyi qorunub.
V.Qasımlının sözlərinə görə “əkiz balanslar” – tədiyə balansı və icmal büdcənin balansında müsbət saldonun olması makroiqtisadi sabitlik üçün əsasdır və bu vəziyyət inqilabi sosial paketin reallaşmasına şərait yaradıb. İcraçı direktor bildirib ki, Azərbaycanda biznes mühiti yaxşılaşdığına görə, bu ilin ilk 7 ayında qeyri-neft sektoru üzrə kapital qoyuluşları 9,7 faiz artaraq 4,6 milyard manata çatıb. Eyni zamanda fiskal dayanıqlılığın artırılması üçün büdcə qaydaları, ortamüddətli xərclər çərçivəsi, icmal büdcənin yuxarı həddi və borc strategiyası qəbul edilib. Nəticədə dövlət büdcəsinin neft sahələrindən gəlirləri cari ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 mln. manat və ya 4,3 faiz azalsa da, qeyri-neft sahələrindən gəlirlər 841,1 mln. manat və ya 20,6 faiz artıb.
Qeyd edək ki, “Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə dair müzakirələrdə Prezident Administrasiyası, Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Təhsil Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Statistika Komitəsi ASAN Xidmət və digər qurumların nümayəndələri iştirak edib.