Çexiyanın Nazirlər Kabineti 2024-cü il üçün büdcə layihəsini 10,87 milyard dollar kəsirlə təsdiqləyib.
FED.az xəbər verir ki, Çexiya hökuməti ölkənin 2024-cü il dövlət büdcəsi layihəsini 252 milyard kron (10,87 milyard dollar) kəsirlə təsdiqləyib. Ölkənin baş naziri Petr Fiala məlumat verib ki, «Büdcə hökumətimizin prioritetlərini və ölkəmizin ehtiyaclarını əks etdirir. Onun kəsiri ÜDM-in 2,2%-ni təşkil edəcək».
Son illərdə ilk dəfə dövlət büdcəsi kiçiləcək – BÜDCƏ RƏQƏMLƏRİ AÇIQLANDI
Baş nazir bildirib ki, uzun illərdən sonra ilk dəfə olaraq 2024-cü ildə Çexiyanın büdcə kəsiri 3%-dən az olacaq və bu Maastrixt kriteriyalarına uyğundur. Qeyd edək ki, Maastrixt kriteriyaları – avrozonaya daxil olan ölkələrin iqtisadi vəziyyəti ilə bağlı qoyulan tələblərdir. Çexiya da qarşıdakı dövrdə avrozonaya qoşulmaq istəyir.
Büdcə layihəsinə əsasən 2024-cü ildə Çexiya büdcəsinin xərcləri 2,192 milyard kron (təxminən 94,6 milyard dollar), gəlirləri 1,940 milyard kron (təxminən 83,7 milyard dollar) təşkil edəcək.
Nazirliklər arasında cari illə müqayisədə idarə büdcəsində ən çox artımı Müdafiə Nazirliyi alacaq. Bu ilki məbləğdən demək olar ki, 39,4 milyard kron (1,5 milyard dollar) çox vəsait ayrılacaq.
Çexiyanın maliyyə naziri Zbynek Stanjura jurnalistlərə deyib: "Büdcə müdafiə və təhsilə xərclərin artırılması üzrə öhdəliyimizi əks etdirir. Biz [dövlətin] sosial müavinətlər üzrə öhdəliklərini də təmin edirik".
Xatırladaq ki, Çexiyanın sahəsi (79 min kvadrat kilometr) və əhalisi (10,8 milyon nəfər) təqribən Azərbaycan qədərdir.