2022-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 9 milyard 282,9 mln. manat və ya hər nəfərə orta hesabla 924,5 manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitənin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin nominal gəlirləri 15,7%, adambaşına düşən gəlirlər isə 15,3% artıb.
Bununla yanaşı, ölkədə müşahidə olunan qiymət artımı, xüsusilə də ərzaq qiymətlərinin kəskin artımı gəlirlərin artımı «yeyib». Dövlət Statistika Komitəsinin məlumatına görə, martın 1-əf ölkədə illik inflyasiya 12,2 faizə yüksəlib. Qiymət artımının böyük hissəsi ərzaq mallarının payına düşüb.
Belə ki, bu dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,2 faiz, qeyri-ərzaq məhsulları 6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,2% bahalaşıb.
Xüsusilə qida məhsulları, yəni spirtli içki və tütün məmulatlarını çıxmaqla – 17,5 faiz bahalaşıb. Nəticədə ərzağın qiymət artımı əhalinin gəlirlərindəki artımı 2% üstələyib.
Yeri gəlmişkən, ölkə əhalisi xərclərinin böyük hissəsini məhz ərzağa xərcləyir. DSK-nin məlumatına görə, bu ilin 2 ayında əhali pərakəndə ticarətə 6 milyard 952 milyon manat xərcləyib. Bunun yarıdan çoxu 3 milyard 853 milyon manatı məhz qida və içkilərə sərf edilib.