Azərbaycanda əhalinin əlindəki pulları hansı sahəyə yatırmaq və ya harada saxlamaq istədiyi məlum olub.
Eləcə də bax: Azərbaycanda adambaşına investisiya üzrə - RAYON / ŞƏHƏRLƏRİN – RENKİNQİ
FED.az xəbər verir ki, bu «Business İnsight» şirkətinin apardığı araşdırmada məlum olub.
Sorğuda məlum olub ki, daşınmaz əmlaka yatırım etmək imkanı azərbaycanlılar üçün daha cəlbedicidir.
«Banklar İpoteka şərtlərini yumuşaltmalı, xüsusən vəsaiti dollarda olanlar üçün manatla verilən ipotekaları daha cəlbedici etməlidirlər. Belə olan halda həm bu sahəyə yatırım etmək istəyənləri həm də yastıq altında olan vəsaitlərin bir hissəsini banklara cəlb etmək mümkün olacaqdır»--deyə araşdırma müəllifləri bildirir.
Əhalinin ən çox maraq göstərdiyi aktiv biznes sahələrində kənd təsərrüfatı önə keçib. Hər halda sorğu göstərib ki, pulunu kənd təsərrüfatına yatırmaq istəyənlərin sayı ticarətə, təhsil və restoran biznesinə, eləcə də gözəllik salonu açmaq istəyənlərdən daha çoxdur.
Sorğuda iştirak edənlərin 4,7%-i pulunu banka qoymaq istədiyini bildirib.
Çarpaz təhlillər göstərir ki, Bakı sakinlərinə toplanan vəsaiti daşınmaz əmlaka yatırmaq, evdə saxlamaq daha cəlbedicidirsə, regionda yaşayanlara kənd təsərrüfatına yatırmaq və banklara əmanət kimi qoymaq daha cəlbedici gəlir.
Gender baxımından xanımlara daşınmaz əmlak daha cəlbedici görünür. Gənclər yaşlı seqmentə nisbətdə ticarətə daha meyilli görünür. Vəsaitin banklara yatırım kimi qoyulması isə gənclərə nisbətdə yaşlılara, kişilərə nisbətdə isə xanımlara daha cəlbedici gəlir.
8-15 may tarixlərində Azərbaycanın 8 bölgəsində keçirilən sorğuda 1702 respondent iştirak edib.
İştirakçıların 51,5%-i kişi, 48,5%-i qadın olub. Sorğu bütün yaş qruplarını əhatə edib.