Vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat edvgerial.az portalında qeydə alınıb.
Eləcə də bax: ƏDV-nin geri qaytarılmasında - Pozuntular Aşkarlanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a verilən məlumata görə, bunu Xidmətinin şöbə rəisi Məmməd Quliyev deyib.
Onun sözlərinə görə, həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 mln. manat təşkil edir.
“Artıq təsdiq olunan çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir”, - deyə M. Quliyev qeyd edib.
Xatırladaq ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınan mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.
Qeyd olunan prosesin effektivliyini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal da (edvgerial.az) yaradılıb. Bu mexanizmin işə salındığı vaxtdan avqustun 10-na olan məlumata əsasən, kimi keçən müddət ərzində artıq portalda 466 948 nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınan istifadəçilərdən 375 536-sı və ya 80%-i əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin QR kodunu (çekdə yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual “pul qabı”na yerləşdirilir. İstifadəçilər toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, bir tranzaksiya çərçivəsində minimum 5, maksimum 500 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.