Azərbaycanda ətin qiymətinin baha olmasının səbəblərindən biri də israfçılıqdır.
Azərbaycan Rusiyanın ən böyük inək, qoyun - ALICISI OLUB
FED.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Tahir Rzayev deyib.
O qeyd edib ki, Azərbaycan özünü qoyun əti ilə 100 faiz, quş əti ilə 85 faiz, mal əti ilə 92 faiz səviyyəsində təmin edə bilir.
“Ancaq burada müəyyən amillər var. Onlardan biri mən deyərdim ki, israfçılıqla bağlıdır.
Biz heyandarlıq məhsullarından qənaətlə istifadə etmirik. Ət məhsullarından ən çox istifadə edən respublikalardan biri Azərbaycandır. Burada çox ciddi israfçılıq var. Xarici ölkələrdə heyvanlar müəyyən normalar, çəkilər əsasında yetişdirilir və ondan sonra kəsimə verilir. Ancaq bizdə insanlar istəyirlər 8-10 kiloluq quzu əti yesinlər, az çəkidə olan dananın ətin yesinlər. Ona görə də körpə heyvanlar bazara çıxarılır və gündə minlərlə belə heyvan kəsilir.
Ancaq bu heyvanlar müəyyən qaydada yetişdirilsə, yəni xırda buyunuzlu heyvan 20-25 kilo həcmində yetişdirilib bazara çıxarılsa sözsüz ki, burada üç qat artım olacaq”, - deyə T.Rzayev bildirib.
O qeyd edib ki, restoranlar, şadlıq sarayları da bu məhsulların istifadəsində çox ciddi israfçılığa yol verir. “Toylarda verilən ətin çoxu stolun üstündə qalır. Bir adama bir neçə növdə ət məhsulları təklif olunur, - toyuq əti, mal əti, quzu əti, kolbasa məhsulları. Bu yeməklərin çoxu stolun üstündə qalır və tullantıya çevrilir. Kimə lazımdı bu? Bunlar heyvandarlıq təsərrüfatına çox ciddi zərbədir. Belə olan halda qıtlıq yaranmalıdır, bahalaşma getməlidir. Ona görə də bunun qarşısı alınmalıdır, müəyyən standartlara uyğun heyvanlar kəsilməlidir. Belə olan halda ətin bolluğu yaranar və qiymətlər də ucuzlaşa bilər”, - deyə T.Rzayev əlavə edib. (Trend)