Azərbaycanda posterminal vasitəsilə nağdsız ödənişlərin həcmi rekord həddə çatıb.
Azərbaycanda ödəniş kartlarının sayı 10 milyon ədədi keçdi
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin ilk yarısında ölkədə posterminallar vasitəsilə əməliyyatların həcmi 1 milyard 764 miyon manat təşkil edib.
Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 85% artıqdır. Ötən ilin eyni dövründə posterminallarla 951 milyon manatlıq əməliyyat aparılmışdı.
Bu dövrdə posterminallarla aparılan əməliyyatların sayı iki dəfədən çox artaraq 20,8 milyondan (2020ci ilin 6 ayı) 42,6 milyona (2021ci ilin 6 ayı) yüksəlib.
Ümumiyyətlə, ölkədə posterminallarla əməliyyatların aktivləşməsi 2020-ci ilin ortalarından daha ciddi hiss olunub. Ötən il başlanan «ƏDV geri al» layihəsi əhalini posterminal və kassalarla əməliyyatlar etməyə həvəsləndirdi. Layihəyə əsasən kassa və posterminal vasitəsilə əməliyyatlar apararkən ödənilən ƏDV-nin 10-15%-i geri qaytarılır.
Şərtlərə görə, posterminalla əməliyyat daha sərfəlidir - bu zaman alıcı ödənilmiş ƏDV-nin 15%-ni əldə edir. Məhz bu səbəbdən posterminallarla əməliyyatların həm sayı, həm də həcmi artmaqdadır.
Belə ki, 2019-cu ildə ölkədə posterminallar vasitəsilə 25 milyon 335 min əməliyyat aparılıb, bu – ayda ortalama 2 111 min əməliyyat deməkdir.
2020-ci ildə bu göstərici iki dəfə artıb. Ötən il posterminallarla 48 milyon 207 min əməliyyat aparılıb – ayda orta hesabla 4017 min əməliyyat.
2021-ci ildə posterminallardan istifadə daha da artıb. Bu ilin ilk 6 ayında posterminallar vasitəsilə 42 milyon 632 min əməliyyat aparılıb - ayda ortalama 7105 min əməliyyat.
2019-cu ildə posterminallarla aparılan əməliyatların ümumi həcmi 1 333 milyon manat olub – ayda orta hesabla 111 milyon manat.
2020-ci ildə əməliyyatların ümumi həcmi 2 milyard 172 milyon manata çatıb – ayda ortalama 181 milyon manat.
2021-ci ilin ilk yarısındakı əməliyyatların həcmi isə rekord həddə çatıb 1 milyon 764 milyon manat və ya ayda orta hesabla 294 milyon manat.
Posterminallarla əməliyyatların həcminin və sayının artması fonunda bir əməliyyata düşən orta çekin məbləği azalmağa başlayıb.
2019-cu ildə posterminalla bir çekin orta qiyməti 52 manat olduğu halda, 2020-ci ildə bu göstərici 45 manata, 2021-ci ilin ilk yarısında isə 38 manata enib.
Bir çekə düşən orta məbləğin azalması göstərir ki, artıq alıcılar posterminallardan təkcə aylıq və ya həftəlik böyük bazarlıqların edildiyi hipermarketlərdə deyil, daha kiçik həcmli alış-verişlərin həyata keçirildiyi kiçik mağazalarda da istifadə edirlər.