Fevral ayında dünya bazarında ərzaq qiymətləri yenidən artaraq rekord həddə çatıb.
Eləcə də bax: Buğdanın qiyməti rekord vurur – Bir Gündə 6,7% Artım
Bu ilin fevral ayında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiyməti indeksi bu ilin yanvar ayı ilə müqayisədə 3,9%, 2021-ci ilin fevral ayı ilə müqayisədə isə 24,1% artaraq 140,7 bəndə çatıb. Bu, yeni tarixi maksimumdur.
FED.az xəbər verir ki, FAO-nun taxıl qiyməti indeksi aylıq müqayisədə 3%, illik ifadədə isə 14,8% artaraq fevralda 144,8 bənd təşkil edib. Qara dəniz regionunda Ukrayna və Rusiyadan (taxılın iki əsas ixracatçısı) ixraca potensial olaraq mane ola biləcək fasilələr fonunda qlobal təchizat qeyri-müəyyənlikləri taxılın qiymətini qaldırıb. Qlobal qarğıdalı qiymətləri aylıq müqayisədə 5,1% artıb, bu da Argentina və Braziliyada məhsuldarlıqla bağlı narahatlıqların davam etməsi, buğda qiymətlərinin artması və Ukraynadan qarğıdalı ixracı ilə bağlı qeyri-müəyyənliyin yaranması fonunda baş verib.
FAO-nun bitki yağları qiyməti indeksi aylıq 8,5%, illik isə 36,7% artaraq tarixi maksimuma çatıb (201,7 bənd). Davam edən qiymət artımı əsasən palma, soya və günəbaxan yağının bahalaşması ilə əlaqədardır.
Təşkilatın süd məhsulları qiyməti indeksi aylıq müqayisədə 6,4%, illik müqayisədə isə 24,8% artaraq 141,1 bəndə bərabər olub. Ardıcıl altı ay bahalaşan süd məhsulları fevralda, Qərbi Avropa və Okeaniyada gözləniləndən aşağı süd tədarükündən təsirlənib.
FAO-nun ət məhsulları qiyməti indeksi isə təkcə ötən ay 1,1%, illik müqayisədə isə 15,3% artaraq 112,8 bənd təşkil edib. Fevralda iribuynuzlu mal-qaranın qiymətləri yeni pik həddə çatıb və bunun səbəbi kimi, Braziliyadan diri çəkidə mal-qaranın tədarükünün azalması və Avstraliyada sürülərin bərpasına yüksək tələbat göstərilir. Okeaniyadan ixracın yüksək olması səbəbindən qoyun əti üzrə kotirovkalar isə ardıcıl dördüncü ay azalır.
Şəkər qiyməti indeksinə gəldikdə, fevralda sözügedən göstərici aylıq 1,9% azalsa da, illik müqayisədə 10,4% artaraq 110,6 bənd təşkil edib. Əsas ixracatçı ölkələrdə, xüsusən Hindistan və Tailandda əlverişli istehsal perspektivləri və Braziliyada artan inkişaf şərtləri dünya şəkər qiymətlərinə azaldıcı təsir göstərməyə davam edir. Bundan əlavə, Braziliyada etanol daxili tələbatın azalması fonunda fevral ayında ardıcıl üç aydır ucuzlaşır. (Apa)