"Azərbaycanın bərpa olunan enerjiyə keçidi iqtisadi artımı və məşğulluğu stimullaşdıracaq".
Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını endirdi - 2%-DƏN DƏ AŞAĞI OLACAQ
FED.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib.
Qeyd edilib ki, əlçatan və sərfəli enerji infrastrukturu iş yerlərinin yaradılması və iqtisadi transformasiyanın əsasını təşkil edir. Avropa və Mərkəzi Asiya (ECA) regionunda məhsuldar məşğulluq imkanlarının reallaşması üçün sərfəli və etibarlı enerji təminatı zəruridir. Regionun enerji keçidi digər bölgələrdən fərqlənir, çünki ölkələr müxtəlif çağırışlarla üzləşirlər. Demoqrafik fərqlər, coğrafi mövqe, təbii sərvətlər, siyasi vəziyyət və ilkin şərtlər hər ölkə üçün spesifik yanaşma tələb edir.
Dünya Bankı vurğulayıb ki, Cənubi Qafqaz regionun enerji dəhlizinə çevrilə bilər. Belə ki, Gürcüstanın hidroenerji imkanları, Azərbaycanın bərpa olunan enerjiyə keçidi və Ermənistanın günəş enerjisi potensialı regional iqtisadi artımı və məşğulluğu stimullaşdıran əsas faktorlar kimi çıxış edə bilər.
Həmçinin, əlavə edilib ki, Mərkəzi və Şərqi Avropada kömürdən imtina prosesi işçilərin yeni sahələrə keçidi və bərpa olunan enerji infrastrukturuna investisiyaların artırılmasını tələb edir. Bu da yeni məşğulluq imkanları yarada bilər. Mərkəzi Asiyada isə əhalinin artması enerji təminatının genişləndirilməsini zəruri edir. Burada hidroenerji potensialından və günəş resurslarından istifadə ön plana çıxır, Qazaxıstan və Türkmənistanda isə təbii qaz keçid mərhələsində mühüm rol oynayır.
"Bəzi ölkələrdə nüvə enerjisi digər mənbələri tamamlayan rol oynaya bilər. Bu fərqləndirilmiş yanaşma enerji sahəsinə yatırımların birbaşa olaraq məhsuldar məşğulluğa çevrilməsini təmin edəcək" - hesabatda bildirilib.
Qeyd edək ki, Dünya Bankı bu il üzrə iqtisadi artım proqnozunu 1,9%, 2026-cı il üzrə 1,8%, 2027-ci il üzrə isə 1,7% müəyyən edib. DB əvvəlkinə nisbətən iqtisadi artım proqnozunu 0,6-0,7% bəndi azaldıb. (Apa)