Dünya Bankı Azərabycana biznes mühitin yaxşılaşdırılması və rəqabətin inkişafı üçün islahatları davam etdirməyi tövsiyyə edir
Azərbaycanda ortamüddətli perspektivdə qeyri-neft sektorunun illik artımı 2,7% təşkil edəcək. Dünya Bankında belə hesab edirlər.
“Ortamüddətli perspektivdə Azərbaycanda qaz ixracının artırılması və daxili tələbatın orta artımına əsaslanan ÜDM-in artımını gözləyirik. Qiymətləndirmələrimizə əsasən, bu dövrdə qeyri-neft ÜDM-in artımı illik orta hesabla 2,7% təşkil edəcək”, - bankdan məlumat verilib.
Bankın qiymətləndirmələrinə görə, neftin qiymətinin stabilləşməsi, investisiya həcminin tədricən artımı, bank sahəsində vəziyyətin yaxşılaşması qeyri-neft sektorunun artım tempinə müsbət təsir göstərəcək.
“Xarici sarsıntıların meydana gəlməyəcəyi halda, ortamüddətli dövr üçün Azərbaycanda inflyasiyanın səviyyəsi 3%-dən aşağı olacaq”, - bankdan qeyd ediblər.
DB-nin proqnozlarına əsasən, neftin yüksək qiyməti Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinə müsbət təsir edir. “Neftin hazırki qiymətinin qorunub saxlanacağı halda, 2020-ci ilədək cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10% səviyyəsində olacaq”, - bankdan qeyd olunub.
Bankda hesab edirlər ki, cari vəziyyət büdcə xərclərinin artması tendensiyasının qalmasına səbəb olacaq, “baxmayaraq ki, qlobal maliyyə bazarlarında bir qədər qeyri-müəyyənlik şəraitində çox güman ki, hökumət ehtiyatlı siyasət yürüdəcək”.
Bundan başqa, ortamüddətli dövrdə dövlət borcunun idarə edilməsi strategiyası, yeni fiskal qaydalarının qəbulu büdcə xərcləri strukturuna müsbət təsir edəcək. “Ortamüddətli dövrdə neftin qiymətinin yüksək qalması şəraitində Azərbaycan büdcəsi profisit ilə icra olunacaq”, - bankdan vurğulanıb.
Eyni zamanda, bankda hesab edirlər ki, Azərbaycan hökuməti biznes mühitin yaxşılaşdırılması, rəqabətin inkişafı, iqtisadiyyatda dövlət payının azaldılması, bank sektorunun təkmilləşdirilməsinə yönələn islahatları davam etdirməlidir.
Azərbaycan hökuməti 2018-ci ildə ÜDM-nin artımını 2%, inflyasiyanı 6%-dən aşağı səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə Azərbaycanda ÜDM 0,1% təşkil edib, qeyri-neft sektorunda 2,7% artım olub.