Dünya Bankı (DB) 2024-cü ildə Azərbaycanda ÜDM-in artımını 2,4%, 2025-ci ildə isə 2,5% səviyyəsində proqnozlaşdırır.
2024-cü il üzrə Azərbaycanın iqtisadi artım proqnozu - AÇIQLANDI
FED.az xəbər verir ki, bu proqnozlar DB-nin yanvar ayına olan “Global Economic Prospects” hesabatında öz əksini tapıb.
Bu proqnozlar DB-nin 2023-cü ilin oktyabr ayına olan hesabatındakı Azərbaycan iqtisadiyyatı üzrə göstəricilərlə üst-üstə düşür.
DB-nin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda ÜDM 1,5% artıb.
Cənubi Qafqazın iqtisadi perspektivlərinə toxunan DB qeyd edir ki, 2024-2025-ci illərdə regionda orta illik artım 3,3% təşkil edəcək. “Region ölkələri tərəfindən Rusiyadan pul köçürmələri axınının daha da azalacağı gözlənilsə də, geri ixrac və turizm Cənubi Qafqaz ölkələrinin iqtisadi fəallığını dəstəkləməyə davam edəcək. Lakin xammaldan asılılıq, nəqliyyat əlaqələrinin və logistikanın zəifliyi, eləcə də Ermənistanla Azərbaycan arasında geosiyasi gərginliyin davam etməsi mümkünlüyü uzunmüddətli artıma əvvəlki kimi mane olacaq”, - deyə DB qeyd edir.
Bankın qiymətləndirmələrinə görə, 2024-2025-ci illərdə Gürcüstanda ÜDM artımı müvafiq olaraq 4,8% və 4,5% (2023-cü ildə 6,5%), Ermənistanda isə 4,7% və 4,5% (2023-cü ildə 7,1%) təşkil edəcək.
Beləliklə, DB-nin proqnozlarına görə, 2024-2025-ci illərdə Cənubi Qafqazın üç ölkəsindən yalnız Azərbaycanda iqtisadi artım tempinin sürətlənməsi müşahidə olunacaq.
Azərbaycanın İqtisadiyyat Nazirliyi 2024-cü ildə ÜDM-in 2,4%, 2025-ci ildə isə 2,9% artacağını proqnozlaşdırır. (İnterfaks-Azərbaycan)