Dünya Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 0,5-1 faiz artacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində bankın Bakı Ofisinin rəhbəri Navid Hassan Naqvi deyib.
Onun sözlərinə görə, bu il bank ölkə iqtisadiyyatının 1-1,5 faiz azalacağını gözləyir: "Təəssüf ki, Azərbaycan iqtisadiyyatı neft sektorundan həddən çox asılıdır. Amma enerji resurslarının qiymətinin aşağı düşməsi və bunun ardınca milli valyutanın devalvasiyası digər sektorların inkişafı üçün imkan yaradıb. Hazırkı mübadilə məzənnəsi bir çox potensial aqroməhsul ixracatçılarına ixracatı müxtəlif bazarlarda daha rəqabət qabiliyyətli qiymətlərlə reallaşdırmağa imkan verəcək".
Naqvi bildirib ki, neftin qiymətinin düşməsi dövlətin gəlirlərinin azalması deməkdir və bu ölkə iqtisadiyyatını diversifikasiya etməyə imkan verəcək islahatlar barədə düşünməyə vadar edir: "Təbii ki, Azərbaycan hökuməti dünya iqtisadiyyatında vəziyyəti əsas tutaraq, müxtəlif islahatları üzərində işləməyə davam edir. Bu baxımdan, biz 2016-cı ilin sonunda - 2017-ci ilin əvvəlində dərc olunan strateji yol xəritələrinin qəbul olunmasını alqışlayırıq".
Navid Hassan Naqvi digər belə islahatlar arasında Maliyyə Sabitliyi Şurasının yaradılmasını qeyd edib. Lakin onun fikrincə, bütün islahatlar vaxt tələb edir, buna görədə onların səmərəliliyi barədə danışmaq hələ tezdir. Bununla belə, agentliyin müsahibi əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən islahatlar ölkə iqtisadiyyatına çox yaxşı nəticə göstərmək üçün potensiala malikdir.
Qeyd edək ki, Azərbaycan Dünya Bankı qrupuna 1992-ci ildə qoşulub.