14 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 12 min 457 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 19 min 764 fərdi (mikro) sahibkar, cəmi 32 min 221 vergi ödəyicisi müraciət edib.
Eləcə də bax:Koronavirusa görə, dövlət dəstəyi alan - SAHİBKARLARIN – TAM SİYAHISI
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 12 min 457 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 143 min 229 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 102 min 4 işçini əhatə edən 10 min 51 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 45 milyon 850 min manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 22,9 milyon manat təşkil edir.
Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 8 min 309 vergi ödəyicisinə 76 min 756 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 16 milyon 64 min manat vəsaitin köçürülməsi təmin edilib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 19 min 764 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 18 min 929 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,8 milyon manat təşkil edir. Aprelin 14-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 13,22 milyon manat vəsaitin 15 min 405 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.
Nazirlik bildirir ki, müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır və bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.