İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri Türkiyənin Ankara şəhərində səfərdə olub.
Azərbaycanda halal infrastrukturun formalaşdırılması imkanları - MÜZAKİRƏ OLUNUB
FED.az xəbər verir ki, səfər çərçivəsində baş tutan görüşlərdə yaxın gələcəkdə Azərbaycanda Türkiyə modelinə uyğun olaraq texniki tənzimləmə sisteminin qurulmasına dəstəyin göstərilməsi üçün birgə layihələrin hazırlanması, bu sahədə əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Belə ki, Türk Akkreditasiya Təşkilatının (TÜRKAK) nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanda akkreditasiya sisteminin müasir standartlara uyğunlaşdırılması, uyğunluğu qiymətləndirən qurumlara dair tələblərin formalaşdırılması və səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilib.
Türkiyə Standartlaşdırma İnstitutunun nümayəndələri ilə görüşdə isə texniki reqlamentdən irəli gələn istinad standartların tətbiqi ilə bağlı əməkdaşlıq layihələri nəzərdən keçirilib, qarşılıqlı təcrübə mübadiləsi, qurumlar arasında texniki dəstək məsələləri müzakirə edilib.
Bundan əlavə, Dövlət Xidmətinin nümayəndələri keyfiyyət infrastrukturu sahəsində qardaş ölkənin qabaqcıl təcrübəsinin öyrənilməsi məqsədilə Türkiyənin Ticarət Nazirliyinin aidiyyəti qurumları tərəfindən keçirilən seminarlarda iştirak edib.