İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) nümayəndələri ilə görüş keçirilib.
FED.az xəbər verir ki, görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O ölkə biznes mühitinin yaxşılaşdırılması məqsədilə antiinhisar nəzarəti, rəqabət, dövlət satınalmaları, keyfiyyət təminatı sahələrində aparılan institusional islahatları diqqətə çatdırıb. Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinin önəmini vurğulayan Xidmət rəisi birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin, bu sahədə beynəlxalq təcrübənin tətbiqinin əhəmiyyətini qeyd edib. TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat, ATİB-in İdarə Heyətinin sədr müavini Mürsəl Rüstəmov, MÜSİAD-ın İdarə heyətinin üzvü Alim Şentürk Dövlət Xidməti ilə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər, bu baxımdan keçirilən görüşlərin və aparılan müzakirələrin faydalı olacağını bildiriblər. Görüşdə dövlət-özəl tərəfdaşlığı sahəsində əməkdaşlığın inkişafı, sahibkarların iştirakı ilə görüşlərin keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.