Azərbaycanda standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan sahibkarlıq subyektləri ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və yaxud ölçmə vasitələrinin tipini təsdiq etdirməlidirlər.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ölkəyə sənaye məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinə müraciətində bildirilir.
Qurum bəyan edib ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 2.15-ci bəndinə əsasən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat idxal zamanı gömrük orqanlarına təqdim olunmalıdır.
“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi 5 il müddətinə verilən sertifikatla təsdiqlənir.
Keçirilən sınaqların müsbət nəticələri əsasında tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar müvafiq Dövlət reyestrinə daxil edilir.
Operativliyin, şəffaflıq və əlçatanlığın təmin edilməsi məqsədilə Dövlət reyestri daimi yenilənir və ictimaiyyətə açıqdır. Hüquqi və fiziki şəxslər hər hansı standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilib-edilməməsi barədə məlumatları Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun internet saytının (http://metrology.az) “Dövlət reyestri” bölməsindən əldə edə bilərlər.
Hüquqi və fiziki şəxslər standart nümunələrin və yaxud ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı Dövlət Xidmətinə birbaşa ərizə, internet səhifəsi, elektron poçt ([email protected]) və 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.