Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (AİBNDX) su filtrlərinin səyyar satışını həyata keçirən şirkətlərlə bağlı daxil olan istehlakçı müraciətlərinin sayı artıb.
Eləcə də bax: Türkiyə mühərrik yağlarını Yaponiya yağı kimi satırmış - ÜSTÜ AÇILDI
Kütləvi informasiya vasitələrində də su filtrlərinin satışı ilə məşğul olan subyektlərlə bağlı müxləlif fikirlər səsləndirilir. Su filtrləri ilə bağlı müraciətlər əsasən Bakıətrafı qəsəbələr və regionlardan daxil olur, bu zaman təhrif edilmiş informasiyalarla istehlakçıların aldadılması hallarına rast gəlinir.
FED.az xəbər verir ki, Dövlət Xidməti istehlakçılara səyyar qaydada satılan su filtrlərini alarkən diqqətli olmağı tövsiyə edir.
İstehlakçılar məhsulu istənilən satış nöqtəsindən, ticarət obyektindən və ya səyyar qaydada əldə edə bilərlər. Səyyar qaydada adətən, istehlakçılara konkret məhsul təklif edilir ki, belə olan halda, istehlakçının müqayisəli şəkildə uyğun qiymətə və uyğun keyfiyyətdə məhsulu əldə etmək imkanı məhdudlaşır.
AİBNDX istehlakçılara su filtri alan zaman müxtəlif bazar subyektlərinin təklif etdiyi qiymətləri müqayisə etməyi, şişirdilmiş qiymətlərlə su filtri satan şirkətlərin reklamlarına aldanmamağı, alqı-satqı prosesində ödəniş sənədlərini tələb etməyi, şirkət tərəfindən təqdim olunmuş müqaviləni diqqətlə oxumağı tövsiyə edir.
Məlumat üçün bildirək ki, 2021-ci ildə su filtrlərinin satışını həyata keçirən şirkətlərlə bağlı Dövlət Xidmətinə 1 istehlakçı müraciəti daxil olduğu halda, bu ilin yanvar-sentyabr ayları ərzində bu istiqamətdə 35 müraciət qeydə alınıb və həlli üçün müvafiq tədbirlər görülüb.
İstehlakçılar bu sahədə neqativ hallarla üzləşdikləri zaman Dövlət Xidmətinə qaynar xətt (195-1) vasitəsilə və ya elektron qaydada (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) müraciət edə bilərlər.