Rəqabət Məcəlləsinin qəbulu bazar subyektlərinin inhisarçı davranışlarının qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması və təbii inhisar subyektlərinin fəaliyyətinə effektiv nəzarətin təşkilində təsirli alət və mexanizmlərdən istifadəyə imkan yaratmaqla, ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına əhəmiyyətli töhfə verəcək.
Rəqabət Məcəlləsi - QƏBUL EDİLDİ
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Xatırladaq ki, Rəqabət Məcəlləsinin layihəsi inhisarçılığa qarşı mübarizənin qanuni əsaslarını və prosessual normalarını müəyyən edən Məcəllə layihəsi müxtəlif dövlət qurumları, biznes assosiasiyaları ilə geniş müzakirələr əsasında, onların rəy və təklifləri nəzərə alınaraq hazırlanıb. “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər normativ hüquqi aktlar Məcəllədə təkmil sənəddə birləşdirilib.
Rəqabəti məhdudlaşdıran üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, bazar payının müəyyən edilməsi, bazarda hökmran mövqe və hökmran mövqedən sui-istifadə halları, haqsız rəqabət və onun formaları, iqtisadi təmərküzləşmələr və onların qiymətləndirilməsi ilə bağlı məsələlər Rəqabət Məcəlləsinin layihəsində əks olunub. Bundan əlavə, layihə rəqabət qanunvericiliyinin pozulması barədə işlərə baxılması qaydaları, aşkar olunan pozuntulara dair məsuliyyət tədbirləri barədə müddəaları, həmçinin təbii inhisarların fəaliyyətinə dövlət nəzarətinə dair yeni tələbləri ehtiva edir.