İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Gön-Dəri İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin müraciəti əsasında “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC-nin antiinhisar qanunvericiliyinin tələblərini pozması əlamətləri üzrə qaldırdığı işə baxıb.
Eləcə də bax: «Bizim Market»də çörəyin çəkisində müştərini aldadıblar – PROTOKOL YAZILDI
FED.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, adları çəkilən şirkətlərin daxili bazarda satdığı duz məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər təhlil edilib. Təhlil nəticələrinə əsasən, duz məhsullarının topdan satışını qanunvericiliyin tələblərini pozmaqla həyata keçirdiyi üçün “Azərbaycan Duz İstehsalat Birliyi”nə qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi 690 473 manat məbləğində, "Sun Food"a isə 567 974 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.
Şirkətlərə duz məhsullarının topdan satışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması, qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi barədə göstəriş verilib. Əlavə olaraq, Dövlət Xidmətinin verdiyi göstərişə əsasən, “Azərbaycan Duz İstehsalat Birliyi” duz məhsullarının istehsalı və satışı zamanı rəqabəti təmin etməli, duz məhsullarının satışı ilə bağlı müraciət etmə qaydası və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlamalıdır.