Azərbaycanda əmək müqaviləsi ilə işləyənlərin sayı ilə bağlı yeni göstəricilər açıqlanıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 min nəfər və ya 2,6 faiz artaraq 1681,6 min nəfər olub. Onlardan 908,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə isə ölkədə işləyənlərin sayında 36,2 min nəfər artım var.
Artıq özəl sektonun hesabınadır – ilin əvvəlindən indiyədək özəl sektorda əmək müqaviləsi ilə işləyənlər 43,7 min nəfər artaraq 731 mindən 773,6 min nəfərə çatıb. Qeyd edək ki, özəl sektorda rəsmi işləyənlərin sayının artması koronavirus pandemiyası zamanı iş icazələrinin alınması ilə bağlıdır. İşçilərin iş yerinə buraxılması üçün özəl sektordakı şirkətlər və sahibkarlar indiyədək qeyri-rəsmi çalışan işçiləri də rəsmiləşdirməli olublar.
Dövlət sektorunda isə ixtisarlar var. İlin əvvəlində dövlət sektorunda 914,5 min nəfər çalışırdısa, hazırda bu rəqəm 908 min nəfər təşkil edir, yəni 6 min nəfərdən çox azalıb.