Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Deputat: "Yeni rüsumlar bazarda qiymətlərə təsir edəcək"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsi rüsumu artırılır.
Belə ki, dəyişikliklə soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınması üçün dövlət rüsumu 10 manatdan 15 manata dəyişdirilir.
Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu 2 manatdan 3 manata dəyişdirilir.
Eyni zamanda dəyişikliklə nikahın qeydə alınması üçün dövlət rüsumu 5 manatdan 10 manata qaldırılır. Bundan başqa, müvafiq qanun layihəsinə əsasən, yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı, həmçinin məhkəmə qətnaməsi əsasında (qətnamədə dövlət rüsumunun tərəflərdən hansının ödəməli olduğu göstərilmədikdə, qeydiyyat üçün birinci müraciət etmiş tərəfdən) nikahın pozulmasının qeydə alınması üçün dövlət rüsumunun məbləği 15 manatdan 20 manata dəyişdirilir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.