Azərbaycanda muzdla – rəsmi əmək müqaviləsi ilə işləyənlərin sayı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1784,0 min nəfər olub. Onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Son bir ildə ölkədə rəsmi işləyənlərin sayı 25 200 nəfər artıb. Bununla yanaşı, dövlət sektorunda işləyənlərin sayı 7900 nəfər azalıb. Xatırladaq ki, 2025-ci ilin martın 1-ə ölkədə dövlət sektorunda işləyənlərin sayı 878,5 min nəfər idi.
Qeyri-dövlət sektorunda çalışanların sayı isə son bir ildə 33 100 nəfər artıb.
Xatırladaq ki, 2025-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1758,8 min nəfər olub, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Hazırda ölkədə rəsmi əmək müqaviləsi ilə işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri (330 min nəfər), 18,3 faizi təhsil (326 min nəfər), 13,8 faizi sənaye (246 min nəfər), 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (153 min nəfər), 6,5 faizi tikinti (116 min nəfər), 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat (109 min nəfər), 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı (78 min nəfər), 4,0 faizi peşə, elmi və texniki fəaliyyət (71 min nəfər), 2,4 faizi maliyyə və sığorta fəaliyyəti (43 min nəfər), 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (41 min nəfər), 15,1 faizi (269 min nəfər) isə iqtisadiyyatın digər sahələrində çalışır.














