Dövlət Ehtiyatları Agentliyi bu ilin 1 sentyabr tarixinədək yerli buğda istehsalçılarından cari ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
Azərbaycanın xaricdən aldığı buğda 26% ucuzlaşdı - YENİ RƏQƏMLƏR
Bu barədə FED.az-a Agentlikdən bildirilib.
Məlumata görə, tədarük ediləcək ərzaqlıq buğda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə cavab verməlidir.
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar tərəfindən təsdiq olunmalıdır. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən əlavə olaraq yoxlanılacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti hər ay üçün ondan öncəki ay ərzində Azərbaycan Respublikasına idxal edilən ərzaqlıq buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyən ediləcək.
Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələrinin ünvanları və əlaqə telefonları aşağıdakı kimidir:
- Səngəçal Taxıl Elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi, tel. 012-210-01-95;
- Gəncə Taxıl Elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, tel. 012-210-01-95;
- “Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel. 050-613-53-69;
- “Karat Holding” MMC-nin Abşeron şöbəsi: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 13, tel. 050-222-38-36;
- “Karmen” MMC”: Abşeron rayonu, tel. 050-265-80-75;
- “SarıSünbül” MMC: Xızı rayonu, Giləzi kəndi, tel. 050-220-40-40;
- “Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel. 070-313-99-62;
- “Gəncə Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi 1, tel. 050-320-64-54;
- “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel. 050-213-97-67;
- “PakNur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov 1, tel. 051-553-55-65.
Əlavə olaraq, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına uyğun pilot layihə çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqavilələrə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Sözügedən təsərrüfatlarda təhvil verilmə dövründə ərzaqlıq buğdanın orta idxal statistik göstəricisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 29 iyun tarixli 351s saylı sərəncamında müəyyən edilən 400 (dörd yüz) manat dövlət tədarük qiymətindən aşağı olduğu hallarda, aradakı fərqin proqrama qoşulan istehsalçılara kompensasiya edilməsi məqsədilə məhsul subsidiyası əmsalının Aqrar Subsidiya Şurası tərəfindən yenilənməsi nəzərdə tutulub.
Təkliflərin akkreditasiya olunmuş laboratoriya tərəfindən təsdiq edilmiş keyfiyyət göstəriciləri əlavə edilməklə [email protected] elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Əlavə məlumat üçün telefon nömrəsi 012-210-01-95.