Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə olunub.
FED.az "Report"a istinadən xəbər verir ki, maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırıb və dollar bahalaşıb: "Bu da dollardan asılı olan valyutaların stabilliyinə əlavə problemlər yaradıb və Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə inflyasiyanın artmasına, iqtisadi artım sürətinin azalmasına təsir edib".
Nazir müavini qeyd edib ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 307 mln. manat həcmində sərbəst xəzinə qalığı yaranıb.
ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29% təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3%-ə çatıb ki, bu da 2015-ci illlə müqayisədə 5,7 faiz bəndi çoxdur.
A.Bayramov əlavə edib ki, hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik.
Qeyd edək ki, ötən ilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Gəlirlər üzrə icra səviyyəsi 2008-ci ildən bəri ən yüksək göstəricidir. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 29,0%-ə bərabər olub. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə isə 7,715 mln. manat çox olub.
2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır. ÜDM-ə nisbəti ilə götürdükdə, büdcə xərcləri ÜDM-in 29,4%-nə bərabər olub.
Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat olub.