COVID-19 pandemiyasına qarşı aparılan effektiv və səmərəli vaksinasiya prosesi, bu sahədə düzgün dövlət siyasəti, tədricən qapanmaların aradan qaldırılması, iqtisadiyyatı stimullaşdırma tədbirləri və bu kimi digər amillər fonunda ölkəmizdə iqtisadi canlanma müşahidə edilməkdədir.
Ölkə üzrə COVID-19-a yoluxma statistikası - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.
Bildirilib ki, qeyd edilən bütün müsbət tendensiyalara baxmayaraq, hələ də pandemiyanın yeni daha yüksək yoluxdurma sürətinə malik olan ştammlarının yayılması, virusun mutasiyası ilə bağlı risklər yüksək olaraq qalmaqdadır və 2022-ci ildə və ortamüddətli dövrdə dövlət büdcəsi üçün əsas çağırışlardan biri kimi aktuallığını itirmir.
Pandemiyanın növbəti dalğalarının baş verməsi növbəti illərdə səhiyyə və digər sahələrdə zəruri tədbirlərin həyata keçirilməsi üçün əlavə vəsaitlərə ehtiyac yarada bilər ki, bu da öz növbəsində büdcənin xərc strukturuna yenidən baxılması, o cümlədən, qaçınılmaz xərc ehtiyaclarının mövcud ehtiyatlar və ya əlavə borclanma hesabına təmin olunması zərurətini ortaya çıxara bilər.
Digər tərəfdən, pandemiya ilə mübarizə çərçivəsində sərhədlərin qismən qapalı saxlanılması, beynəlxalq uçuşların bərpa olunmaması ictimai iaşə, turizm və nəqliyyat kimi sektorlara mənfi təsir etməklə bu sektorlardan əldə olunan qeyri-neft gəlirlərinin proqnozlaşdırılan səviyyədən az icrası riskini yaradır.
Bu baxımdan da pandemiyanın ölkə iqtisadiyyatına və dövlət büdcəsinə mümkün mənfi təsirlərinin qarşısının alınması üçün müvafiq tədbirlərin davam etdirilməsi məqsədilə növbəti illərin dövlət büdcəsinin səhiyyə xərclərində məqsədli vəsaitlərin ayrılması nəzərdə tutulub.(qafqazinfo)