Azərbaycanlıların ən çox üz tutduğu məkanlardan biri olan Dubay təkcə qışda da çalışan çimərlikləri ilə deyil, həm də həyat xərclərinin bahalığı ilə seçilir. FED.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində qida və nəqliyyat qiymətləri Azərbaycandakından 10 dəfə bahadır.
Bunu FED.Az-a mövsümün son yarışı olan Əbu Dabi Qran Prisini işıqlandırmaq üçün Birləşmiş Ərəb Əmirliklərinə ezam olunmuş «Formula-1» yarışları üzrə şərhçi Rəhim Əliyev deyib. O bildirib ki, bir adam 130 km-lik məsafəni avtobusla getsə bizim valyuta ilə 87 manat ödəməlidir:
“Dubaydan yarışların keçiriləcəyi Əbu Dabiyə getməliydik. Dubay ilə Əbu Dabi arasındakı məsafə təxminən 130 km-dir. Dubayın hava limanından avtovağzalına avtobusla getmək üçün bir nəfər 25 dirhəm, bizim valyuta ilə 12,50 manat verməlidir. Dubayın avtovağzalından Əbu Dabinin avtovağzalına gedən avtobusları isə bir adamı 50 dirhəmə, bizim valyuta ilə 25 manata aparırlar. Əbu Dabi avtovağzalından yarışların keçiriləcəyi yerə isə bir adamı 25 dirhəmə (12,50 manata) aparırdılar. Oradan da qalacağımız otelə isə avtobus ilə 50 dirhəmə (25 manata) getməliydik. Hesablamaya görə, 130 km-lik bu məsafəni avtobusl getsək 175 dirhəm, bizim valyuta ilə isə 87,50 manat, taksi ilə getsək 300 dirhəm, bizim valyuta ilə 150 manat xərclənir. Amma yollar çox rahat olduğu üçün bu məsafəni 1 saata getmək mümkündür.”
Müqayisə üçün bildirək ki, Azərbaycanda nəqliyyat xidmətləri bundan xeyli ucuzdur. Bakı Beynəlxalq Avtovağzalında fəaliyyət göstərən sürücülər deyir ki, həmin məsafə üçün Azərbaycanda bir nəfərin avtobus xərci 3 manat, taksi xərci isə 5 manatadır.
Dubayda taksi xidməti də bahalıdır. Rəhim Əliyev deyir ki, taksiyə oturan kimi taksimetr 10 manat yazır: “Oradakı bütün taksilər taksimetr ilə işləyirlər. Taksi qiymətləri də çox yüksəkdir. Belə ki, 25-30 km-lik məsafəni taksilər 80 dirhəmə, bizim valyuta ilə 40 manata aparırlar. Taksiyə oturan kimi isə taksimetr həmin an 20 dirhəm (10 manat) yazır.
Qırmızı işıqda keçməyə görə 100 dollar cərimə
Bu neft ölkəsində hamı bahalı maşın sürsə də yol hərəkəti qaydalarına hər kəs riayət edir:
“Çünki burada cərimələr həddən artıq yüksəkdir. Buna görə də burada hamı təhlükəsizlik kəmərini taxır və sürət həddini keçmir. Burada qırmızı işıqda keçməyin cəriməsi 300 dirhəm, yəni 100 dollardır.”
Dubayda adi bir siqaret 17 manatadır
Şərhçi bildirir ki, burada adi bir dönərin qiyməti 35 dirhəm, bizim valyuta ilə 17,50 manatdır. Bu ölkədə adi bir siqaretin qiyməti də 35 dirhəmə, kolanın qiyməti isə 8 dirhəm, bizim valyuta ilə 4 manatdır.
Ən maraqlı qiymətlər tərəvəz və qidadadır. Belə ki, Dubayda pomidorun 1 kiloqramının qiyməti bizim pulla 15 manata, kartofun 1 kiloqramının qiymət isə bizim pul ilə 10 manatadır.
Dönər 17 manat, 1 kq pomidor 14 manatadır – BİR TURİSTİN TƏƏSSÜRATI
10:56
30 Noy 2017