Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 038 235,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.
Eləcə də bax: "Əlavə 259 milyon manat gömrük ödənişləri toplamışıq"
FED.az xəbər verir ki, DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15,1% artaraq 557 547,1 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 4,7% azalaraq 1 382 115,9 min manata bərabər olub.
Aksizlər üzrə cari ilin birinci yarısında daxilolmalar 16,7% artaraq 77 826,9 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 20 745,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 11% çoxdur.
Bu ilin iyun ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 376 214 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2020-ci ilin eyni ayı ilə müqayisədə 16,2%, bu ilin may ayı ilə müqayisədə isə 8,2% çoxdur.
Bu ilin iyun ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 21,3% artaraq 104 255,3 min manat olub. Bu ilin may ayı ilə müqayisədə isə bu göstərici 12,4% artıb.
Həmçinin, cari ilin iyun ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 13,5% artaraq 252 633,3 min manat (bu ilin may ayı ilə müqayisədə 5% çox), aksizlər üzrə 28,8% artaraq 15 679,4 min manat (may ilə müqayisədə 42,5% çox), yol vergisi üzrə daxilolmalar isə 21,8% artaraq 3646 min manat (may ilə müqayisədə 13,3% çox) təşkil edib. (Apa)