Yanvarın 18-də Dövlət Gömrük Komitəsi (DGK) və İcbari Sığorta Bürosu (İSB) arasında “Yaşıl Kart” müqavilələri ilə bağlı inteqrasiyanın tamamlanması münasibətilə təqdimat və mətbuat konfransı keçirilib.
DGK-dan FED.az-a verilən məlumata görə, “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) elektron informasiya sistemi ilə Dövlət Gömrük Komitəsinin (DGK) elektron informasiya sistemi arasında “Yaşıl Kart” müqavilələrinin qüvvədə olub-olmamasının müəyyən edilməsi ilə bağlı məlumat mübadiləsi başa çatdırılıb. İnteqrasiya nəticəsində saxta “Yaşıl Kart”ların yayılması və istifadəsinin qarşısı alınacaq.
İSB-nin elektron informasiya sistemi ilə DGK-nın informasiya sistemi arasındakı məlumat mübadiləsi ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitələrinin ölkəni tərk etməmişdən öncə gömrük məntəqələrində “Yaşıl Kart”ın etibarlılığının elektron formatda müəyyən edilməsinə və proseslərin sürətləndirilməsinə xidmət edir.
Tədbirdə çıxış edən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gömrük sistemində aparılan islahatlar çərçivəsində bütün sahələrdə olduğu kimi, dövlət və özəl sektorla məlumat mübadiləsi sahəsində də mühüm işlər görülüb.
İSB-nin İcraçı direktoru Rəşad Əhmədov isə bildirib ki, İSB zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, eləcə də icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək funksiyasını daşıyır.
Tədbir çərçivəsində “Yaşıl Kart” sistemi ilə bağlı xüsusi təqdimat nümyiş etdirilib və sonda jurnalistlərin sualları cavablandırılıb.