Xəbər verildiyi kimi, prezident İlham Əliyev «Dövlət özəl tərəfdaşlığı haqqında» qanunun təsdiqləyib.
Prezident Mikayıl Cabbarovun xahiş etdiyi - QANUNU TƏSDİQLƏDİ – TAM MƏTN
FED.az-ın məlumatına görə, «Dövlət-özəl tərəfdaşlığı haqqında» qanun dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Dövlət-özəl tərəfdaşlığı nədir?
Qanunun əsas anlayışlar hissəsindən məlum olur ki, dövlət-özəl tərəfdaşlığı dedikdə – dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılması və idarəedilməsinə dair layihələr üzrə dövlət və özəl şirkətlərin birgə fəaliyyəti nəzərdə tutulur. Yəni bu layihələr dövlət xidmətlərinin göstərilməsiilə bağlı ola bilər.
Dövlət xidmətləri nədir?
Dövlət xidmətləri dedikdə – dövlət orqanları tərəfindən istehsal edilən mal, göstərilən xidmət, görülən iş, habelə dövlət əmlakının, o cümlədən dövlətin iştirak payı olan hüquqi şəxslərin idarə edilməsi başa düşülür.
Sadə şəkildə desək, bu qanunda nəzərdə tutuan dövlət-özəl tərəfdaşlığı dedikdə dövlətin bəzi xidmətlərinin özəl təşkilatlar tərəfindən həyata keçirilməsi başa düşülür.
Dövlətin bu yenilikdə məqsədi nədir?
Burada dövlətin məqsədi ənənəvidir - dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması; dövlət xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, iqtisadiyyata investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması, regionların inkişafı, rəqabətqabiliyyətli məhsul ixracı, şəffaflığın yüksəldilməsi və sairdir.
Dövlət-özəl tərəfdaşlığı layihəsi – ümumi dəyəri dövlət tərəfindən müəyyən edilən məbləğdən yuxarı olan layihələr deməkdir. Hələlik bu məbləğ müəyyən edilməyib.
Özəl şirkətlər bu prosesdə necə iştirak edəcək?
Qanuna görə, özəl şirkətlər bu prosesdə iki qismdə iştirak edə bilərlər, iddiaçı və özəl tərəfdaş olaraq. İddiaçı – dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün keçirilən müsabiqədə və ya birbaşa danışıqlarda iştirak edən və ya özəl təşəbbüs irəli sürən fiziki və ya hüquqi şəxsdir.
Özəl tərəfdaş isə dövlət qurumu ilə dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlayan, müsabiqə və ya birbaşa danışıqlar əsasında dövlət-özəl tərəfdaşlığı layihəsinin icrası üçün seçilmiş fiziki və ya hüquqi şəxs deməkdir.
Dövlət tərəfdaşı isə təkcə övlət qurumu olmayacaq. Bura bələdiyyələr və onların müəssisələri də aiddir.
Yeri gəlmişkən, «Dövlət satınalmaları haqqında» və «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» qanunlar bu Qanunla tənzimlənən münasibətlərə şamil edilmir.
Bu məsələ ilə ayrıca dövlət orqanı məşğul olacaq
Qanuna görə, burada nəzərdə tutulan işləri həyata keçirmək üçün dövlət tərəfindən səlahiyyətli orqan müəyyən ediləcək. Dövlət-özəl tərəfdaşlığı məhz həmin qurum həyat keçirəcək, o cümlədən bu sahədə dövət siyasətini icra edəcək, dövlət-özəl tərəfdaşlığı layihədəri üzrə müsabiqə şərtlərini hazırlayacaq, təklifləri qiymətləndirəcək və sair işləri həyata keçirəcək.
Qanuna görə, dövlət-özəl tərəfdaşlığı belə baş verir.
Səlahiyətli qurum hər il dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısını, yəni özəl sektora təklif olunacaq layihələrin siyahısını hazırlayır və ictimaiyyətə açıqlayır. Bu sənəddə layihənin əhəmiyyəti, gətirəcəyi iqtisadi səmərə, eləcə də onun reallaşması zamanı ortaya çıxa bilən risklər göstərilir.
Dövlət-özəl tərəfdaşlığı layihələri özəl sektor tərəfindən də təqdim oluna bilər.
Dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 ildir. Bu müddət, müəyyən ediləndə müxtəlif məsələlər, o cümlədən layihənin gəlirliyi də nəzər alınacaq.
Dövlət-özəl layihələri müsabiqəyə çıxarılacaq
Dövlət qurumları layihələri ictimaiyyətə açıqlayandan sonra layihənin həyata keçirilməsində iştirak etmək istəyən şəxslər bu barədə niyyətlərini səlahiyyətli orqana bildirməyə başlayırlar. Öz növbəsində səlahiyyətli orqan bununla bağlı müsabiqə elan edir.
Amma qeyd edildiyi kimi, belə layihələri iddiaçılar da təklif edə bilər. Bu halda səlahiyyətli qurum təklifi araşdırır və müsbiqə elan edir.
Qanuna görə, iddiaçılar lazımi təcrübəyə, maliyyə və kadr imkanlarına, bilik, innovasiyaya və texnologiyalara malik olmalı, eləcə də qanunlarla problemləri olmamalıdır.
Qanuna görə, dövlət-özəl tərəfdaşlığı üzrə müsabiqə üzrə elan mediada verilir və müsabiqə açıq formada keçirilir. Elan verilir, müraciətlər toplanır, iddiaçılar yoxlanılır, layihə təklifləri qiymətləndirilir və müsabiqə qalibi, həmçinin ikinci və üçüncü yeri tutmuş iddiaçılar seçilir.
Layihə təklifləri - hər bir meyar üzrə həmin meyarın xüsusi çəkisi nəzərə alınmaqla balların verilməsi üsulu ilə qiymətləndirilir.
Özəl tərəfdaş necə seçiləcək?
Meyarlar aşağıdakılar ola bilər - dövlət tərəfdaşı tərəfindən özəl tərəfdaşa ediləcək ödənişlərin məbləği və bunların dövlət-özəl tərəfdaşlığı müddətində bölüşdürülməsi, özəl tərəfdaşa verilən dövlət dəstəyi və təminatların məbləği, səviyyəsi və bunların dövlət-özəl tərəfdaşlığı müqaviləsi müddətində bölüşdürülməsi; layihənin icra müddəti, layihənin icrası zamanı gözlənilən nəticələr və müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə dəymiş zərərin ödənilməsi və sair.
Müsabiqənin qalibi, ikinci və üçüncü yer tutmuş iddiaçılar barədə məlumat səlahiyyətli orqanın rəsmi internet səhifəsində yerləşdirilir v müsabiqənin qalibi ilə müqavilə bağlanılır. Müsabiqənin qalibi dövlət-özəl tərəfdaşlığı müqaviləsini bağlamaqdan imtina etdiyi halda müqavilə ikinci və ya üçüncü yer tutmuş iddiaçı ilə bağlanıla bilər.
Müqavilədə bu layihə üzrə görüləcək işlər, müddəti, nəzərdə tutulmuş infrastruktura mülkiyyət hüquqlarının tərəflər arasında ötürülməsi və bölüşdürülməsi qaydası, tərəflərin öhdəlikləri, o cümlədən maliyyə öhdəlikləri, əgər varsa dövlət güzəştləri, layihə üçün torpaq sahəsi ayrılacaqsa, torpaq icarəsi və ya istifadəsi ilə bağlı münasibətlərin tənzimlənməsi; özəl tərəfdaşa verilən dövlət təminatı; layihədə dövlət tərəfdaşının və özəl tərəfdaşın iştirak payı və sair göstərilir.
Dövlət satınalmalarında olduğu kimi, burada da müqavilə birbaşa danışıqlar əsasında bağlanıla bilər.
Bu layihənin yalnız bir iddiaçı həyata keçirilməsi mümük olduqda, müdafiə və təhlükəsizlik məqsədləri ilə əlaqədar layihələrdə və sair hallarda ola bilər.
Dövlət özəl tərəfdaşına hansı təminatları verəcək?
Amma qanunun ən maraqlı hissəsi dövlət tərəfindən özəl tərəfdaşlara və onların kreditorlarına verilən dəstək və təminatlardır.
Beləliklə, dövlət-özəl tərəfdaşlığı çərçivəsində dövlət bu layihələri reallaşdıran qurumlara bir sıra formada dövlət dəstəyi göstərə bilər. Bura «İnvestisiya fəaliyyəti haqqında»qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar şamil edilir.
Bundan başqa, dövlət özəl tərəfdaşa layihənin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığı verə bilər.
Sərfəli qiymət və minimum gəlir təminatı
Digər tərəfdən dövlət – bu layihənin gəlirlərinin minimum səviyyəsinə təminat, layihə çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat; tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verə bilər.
Bunlardan başqa, dövlət öz tərəfdaşına subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu ilə dəstək verə bilər. Nəhayt, layihəni reallaşdıran şirkətə Azərbaycan ərazisi və ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müvəqqəti olaraq müstəsna hüquqlar verilə bilər.
Qanuna görə, bu layihələri reallaşdıran özəl şirkətin fəaliyyətinə təminat veriləcək, yəni hansısa qurumun onun işinə müdaxiləsi və mane olmasına yol verilməyəcək. Şirkət öz investisiyası, məhsulları və ya gəlirləri üzərində müstəqil sərəncam verəcək, layihəsinə aid olan əmlakı və fəaliyyəti idarə edə biləcək.
Devalvasiyadan və qanunların pisləşməsindən qorunma
Bundan başqa, dövlət özəl şirkətə qanunvericiliyin dəyişməsinin təsirlərinə dair təminat verəcək. Yəni layihə ilə bağlı müqavilə bağlanandan sonra Azərbaycan qanunvericiliyində edilən dəyişikliklər özəl tərəfdaşın layihə üzrə xərclərinin artmasına və ya əldə edəcəyi gəlirin azalmasına səbəb olduqda, özəl tərəfdaşa kompensasiya ödəniləcək.
Özəl şirkətə hesablaşma və valyuta ilə əməliyyatların aparılmasına təminat veriləcək. Maraqlı məqam - Azərbaycanın milli valyutasının xarici valyutalara qarşı dəyərinin dəyişməsinin dövlət-özəl tərəfdaşlığı layihəsinə mənfi təsirinin azaldılmasına və ya aradan qaldırılmasına dair müddəalar da nəzərdə tutula bilər.
Bundan başqa, layihənin icra edicisinə tənzimlənən qiymətlərlə bağlı təminat, Əmlakdan istifadəyə və mülkiyyətə təminat verilə, Özəl tərəfdaşa torpaq sahəsi ayrıla bilər.
Dövlət-özəl tərəfdaşlığı layihələri ciddi şəkildə monitorinq ediləcək və hesabatlılığı izlənəcək. Belə ki, dövlət, kommersiya və vergi sirri istisna olmaqla, digər məlumat bazası ictimaiyyətə açıq olmalıdır.