Prezident İlham Əliyev «Dövlət-özəl tərəfdaşlığı haqqında» qanunun qüvvəyə minməsi barədə fərman imzalayıb.
FED.az xəbər verir ki, bu qanun dövlət-özəl tərəfdaşlığı ilə həyata keçiriləcək layihələr, bu sahədə təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Dövlət-özəl tərəfdaşlığı dedikdə – dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılması və idarəedilməsinə dair layihələr üzrə dövlət və özəl şirkətlərin birgə fəaliyyəti nəzərdə tutulur.
Dövlətin bu yenilikdə məqsədi – xarici və yerli investisiya cəlb edilməsi, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması; dövlət xidmətlərinin səmərəsinin və keyfiyyətinin yeni iş yerlərinin yaradılması, regionların inkişafı və sairdir. Dövlət bu qanunla, xüsusilə işğaldan azal edilmiş ərazilərdə həyata keçirilən layihələrə özəl sektoru və investisiyaları cəlb etmək niyyətindədir.
Dövlət-özəl tərəfdaşlığı mexanizmi dünyada geniş yayılmış əməkdaşlıq formasıdır, bundan əvvəl Azərbaycanda bu mexanizmin «Tik-idarə et-təhvil ver» - (TİT) formasında tətbiqinə cəhd edilmişdi. Amma yeni qanun qüvvəyə mindikdən sonra həmin mexanizm ləğv edildi.
«Dövlət-özəl tərəfdaşlığı haqqında» qanun Avropa Yenidənqurma və İnkişaf Bankın mütəxəssisləri ilə birlikdə hazırlanıb.
«Dövlət-özəl tərəfdaşlığı haqqında» qanunun qəbulu prosesində maraqlı məqam bu sənədin İqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən xüsusi dəstəklənməsidir. Hazırda ölkədə iqtisadi sahədə və dövlət-biznes münasibətlərində aparılan islahatların əsas ideya müəlliflərindən və icraçılarından olan iqtisadiyyat naziri sözügedən qanunun qəbuluna nail olmaq üçün dövlət başçısından dəstək də istəmişdi.
«Mən 2013-cü ildən ilk dəfə nazir kimi fəaliyyətə başlamışam. Bu 9 ildə (yalnız) bir dəfə açıq çıxışımda cənab Prezidentdən qanunun keçirilməsi ilə bağlı dəstək istəmişəm. Bu da məhz bu qanundur»-deyə Mikayıl Cabbarov 2 ay əvvəl Milli Məclisin komitəsində «Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirmişdi.
Bu - iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə baş vermişdi.
«Möhtərəm cənab Prezident, ölkə iqtisadiyyatı inkişaf etdikcə yaranmış maliyyə imkanları ilə yanaşı, sosial-iqtisadi inkişafın sürətləndirilməsi maliyyə ehtiyaclarını da artırır. Dayanıqlı iqtisadi artımın təmin olunması ölkəyə sərmayələrin cəlb edilməsi imkanlarından əhəmiyyətli dərəcədə asılıdır. Bu müstəvidə Sizə müraciət edərək, müvafiq tapşırığınıza uyğun olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının mütəxəssisləri ilə birlikdə hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış dövlət-özəl sektor tərəfdaşlığına dair Prezident Administrasiyasına təqdim etdiyimiz qanun layihəsinin baxılmasına dəstək verməyinizi xahiş edirəm. Alternativ enerji resurslarının istehsalı sahəsində ölkəmizə sərmayə qoyuluşlarına olan yüksək maraq Azərbaycanın böyük potensialını əks etdirir. Digər sahələrə də analoji dünya miqyaslı sərmayələrin cəlb edilməsi üçün zəruri normativ hüquqi çərçivənin yaradılması olduqca vacibdir. Bu baxımdan dövlət-özəl sektor tərəfdaşlığı timsalında effektiv bir mexanizmin uğurlu tətbiqi məhdud dövlət resurslarının ölkənin digər strateji inkişaf istiqamətlərinə yönəldilməsinə də imkan verəcək».
Dövlət başçısı bu təklifi dərhal dəstəkləmişdi: «Burada qeyd olunan məsələ də hesab edirəm, çox düzgün qoyulub. Dövlət-özəl sektor tərəfdaşlığı üçün əgər qanunvericilikdə əlavələr edilməlidirsə, biz bunu da mütləq etməliyik. Bütövlükdə ölkəmizin investisiya iqlimini daha da yaxşılaşdırmaq üçün nə lazımdırsa, onu da etməliyik. Çünki xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz»-deyə prezident ondan gözlənilən dəstəyi vermişdi.
“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunla əlaqədar – PREZİDETİN FƏRMANI
Dövlət-özəl tərəfdaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu