Milli Məclisdə mikrosahibkarlar üçün güzəştlərin tətbiq olunmasını təklif edilib.
FED.az xəbər verir ki, “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib ki, İşsizlikdən Sığorta Fondu çərçivəsində həyata keçirilən aktiv sosial tədbir olan özünüməşğulluq tədbirlərinin təşkilinə diqqətdə saxlanılması müsbət haldır.
Soltan Məmmədov qeyd edib ki, bu sahədə maarifləndirmə işinin daha da genişləndirilməsinə ehtiyac var: “Xüsusilə icma əsaslı maarifləndirmə tədbirlərinə diqqət artırılmalıdır”.
Deputat özünüməşğulluq proqramı çərçivəsində ilk illərdə mikrosahibkarlar üçün stimullaşdırıcı tədbirlər və güzəştlərin də tətbiq olunması məsələsinin gələcəkdə nəzərdən keçirilməsini təklif edib. Soltan Məmmədov bildirib ki, güzəştlər özünüməşğulluq proqramına marağın artırılması ilə yanaşı proqramın uğurluluq dərəcəsini artıracaq. (Apa)