"Coca-Cola" şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi 22 il ərzində ümumilikdə ölkəyə verdiyi tövhə 400 mln. dollara yaxındır.
Bunu "Coca-Cola"nın Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov bildirib.
"Şirkət Azərbaycan bazarına 1994-cü ildə gəlib. Azərbaycan iqtisadiyyatındakı rolumuzun dəyərli olduğunu düşünürük. 22 illik fəaliyyəti ərzində "Coca-Cola"nın ümumilikdə Azərbaycana yatırdığı sərmayə 400 mln. dollara yaxındır. Bu məbləğin 160 mln. dolları investisiya şəklində zavodun qurulması, istehsal xətlərinin gətirilməsinə çəkilib, 240 mln. dollara yaxın isə vergi ödəmişik", - deyə o, bildirib.
"Coca-Cola" üzrə Azərbaycanın regional (Orta Asiya, Qafqaz, Türkiyə) satış payının təqribən 8% təşkil etdiyini deyən Ə.Şirinov qeyd edib ki, Azərbaycan 2014-cü ilə qədər ən çox böyüyən, istehsalı inkişaf edən ölkə olub: "Satışımız 2014-cü ildə rekord həddə çatmıb. Bu, iqtisadi böhrandan əvvəlki dövr idi. Ümumilikdə, Azərbaycan region üzrə əhalisinin sayı, ərazisi və digər göstəriciləri bənzər olan ölkələr sırasında məhsulların satışına görə Qazaxıstandan sonra hər zaman 2-ci olub. Lakin 2014-cü ildən sonrakı müddətdə satışın həcmi ardıcıl olaraq azalmağa başlayıb və bu rəqəm 30% təşkil edib".
Ə.Şirinovun sözlərinə görə, artıq 2017-ci ilin fevral ayından başlayaraq iqtisadi sabitlik müşahidə olunur. Bu özünü satışın həcmində də göstərir.
"2017-ci ilin keçid ili olacağını, sabitliyin 2018-ci ildən başlayacağını gözləyirdik. Lakin iqtisadi vəziyyət gözlədiyimizdən yaxşı oldu. Bunun nəticəsində satışın həcminin artdığını deyə bilərəm, lakin 2014-cü ildəki satışın səviyyəsini, hesab edirəm ki, 2019-cu ildə müşahidə edə bilərik", - deyə o, əlavə edib.
Qeyd edək ki, Azərbaycan bazarında gələn ildən ən azı 2 yeni məhsulun daxil olacağı gözlənilir. Həmçinin məhsulların qablaşdırılmasında da yeniliklərin ediləcəyi nəzərdə tutulub.