İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri xanım Quo Minlə görüşüb.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir vurğulayıb ki, Azərbaycan Çinlə əlaqələrə böyük önəm verir və əməkdaşlığın bütün sferalarda genişləndirilməsində maraqlıdır. Dövlət başçılarının siyasi iradəsi, yüksək səviyyəli səfərlər və keçirilən görüşlər tərəfdaşlığın inkişafına əlverişli zəmin yaradır. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Beynəlxalq arenada ölkələrimizin ərazi bütövlüyünə və suverenliyə qarşılıqlı olaraq ifadə edilən dəstək xüsusi əhəmiyyətə malikdir.
M.Cabbarov bildirib ki, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında əlaqələrin genişlənməsində əlverişli platformadır. Azərbaycanın Çində ticarət nümayəndəsi, 3 ticarət evi, 3 şərab evi, ticarət şəbəkələrində 3 ticarət bölməsi fəaliyyət göstərir və bu istiqamətdə tədbirlər davam etdirilir. Azərbaycanda Çin sərmayəli şirkətlər fəaliyyət göstərir, uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Sənaye sahəsində Çinlə bir sıra layihələr üzrə danışıqlar aparılır.
Görüşdə işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa işləri barədə məlumat verilib, Çin şirkətlərinin burada yenidənqurma işlərində iştirak imkanları vurğulanıb.
Nazir Azərbaycan iqtisadiyyatının prioritetlərini, qeyri-neft sektorunun dayanıqlı artımını, ticarət, investisiya, nəqliyyat-tranzit və s. sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün perspektivləri qeyd edərək, Çin şirkətlərini ölkəmizdə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa, sənaye parklarına, o cümlədən bu yaxınlarda təməli qoyulan Ağdam Sənaye Parkına investisiya yatırmağa dəvət edib.
Görüşdə Azərbaycanın əlverişli nəqliyyat-tranzit potensialı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini vurğulayaraq, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, Zəngəzur dəhlizinin Çinin “Bir Kəmər Bir Yol” nəqliyyat layihəsinə töhfə verəcəyinə əminliyini bildirib. Səfir Azərbaycanın İqtisadiyyat nazirini Çində keçiriləcək növbəti Çin Beynəlxalq İdxal Sərgisinə dəvət edib.
Görüşdə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi və ticarət dövriyyəsinin artırılması barədə müzakirələr aparılıb.