Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarda ölkə ərazisinə Çin Xalq Respublikasından idxal edilən bəzi malların qiymətlərinin gömrük orqanları tərəfindən artırıldığı, dolayısı ilə “Binə” və “Sədərək” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların fəaliyyətinə problemlər yaratdığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
FED.az xəbər verir ki, həmin media qurumlarına açıqlama verən sahibkarlar daşıma qiymətlərinin artırıldığını, “karqo” adlandırdıqları şirkətlərə bununla bağlı ünvanladıqları müraciətlərinə isə artımın gömrük orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində baş verdiyinə dair cavab aldıqlarını bildirirlər.
Dövlət Gömrük Komitəsi bildirir ki, sahibkarlar ölkə ərazisinə idxal etdikləri malın daşınması prosesində istənilən daşıyıcı şirkətlə, biznes fəaliyyətlərinə uyğun qiymətlərlə razılaşa bilərlər.
Eyni zamanda bildiririk ki, malların idxalı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər də bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Təsnifatda gömrük rüsumları “Gömrük tarifi haqqında” qanununa uyğun olaraq advalor, spesifik və kombinə gömrük rüsum dərəcələrinin növlərinə bölünür.
Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, spesifik və advalor rüsum dərəcələrinin növlərində, müvafiq olaraq, Azərbaycanın xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Bu baxımdan gömrük ödənişlərinin kub metrə uyğun hesablanması ilə bağlı söylənilən fikirlər mövcud qanunvericiliyə görə əsassızdır.