2035-ci ilə qədər Çin iqtisadiyyatının ABŞ-ı geridə qoyaraq dünyanın ən böyük iqtisadiyyatına çevrilməsi ehtimalı var.
FED.az Çin Xalq Universitetinin Çonyanq Maliyyə Araşdırmaları İnstitutunun hesabatına istinadən xəbər verir ki, Çin növbəti bir neçə il ərzində illik ÜDM artımını 5% civarında və ya 2035-ci ilə qədər ən azı 4%-dən yuxarı saxlayarsa, bu ssenari mümkündür.
Hindistan, Kanada, Çin, Rusiya və ABŞ-dan olan alimlərin birgə hazırladığı araşdırmada Çinin iqtisadi artım tempinin ABŞ-ı ötdüyü qeyd olunub. Eyni zamanda, yuan beynəlxalq aləmdə möhkəmlənməkdə davam edir və onun beynəlmiləlləşmə dərəcəsi artır.
"İnkişaf etməkdə olan ölkələr gələcəkdə qlobal iqtisadi artımın əsas mühərriki olacaqlar və onların sürətli artımı növbəti onillikdə qlobal ÜDM-i iki dəfə artıra bilər", - Çinin Mürəkkəb Faiz: Çinin Yüksək Keyfiyyətli İnkişafı və 2035-ci ilə qədər perspektivləri adlı hesabatda deyilir.
2023-cü ilin sonunda Çinin ÜDM-i 5,2% artaraq 126 trilyon ¥ (17,7 trilyon dollar) həcminə çatdı, ABŞ ÜDM-i isə 2,5% artaraq 26,39 trilyon dollar təşkil edib.