Azərbaycanda dövlət büdəsinə düzəliş edilməsi və xərclərin artırılması təkcə neftin deyil, həm də aparılan islahatların, o cümlədən vergi yığımındakı irəliləyişlərin hesabınadır.
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 15-də keçirilən müşavirədə bildirib.
«Biz büdcəni təkcə neftin qiymətinin artırılması nəticəsində böyütməmişik. Yəni, dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur»-deyə dövlət başçısı bildirib.
Prezidentin sözlərinə görə, məhz islahatlar bu ilin 6 ayında proqnozdan əlavə 2 milyard manat vəsait toplanmasına imkan verib. «İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal reyslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru».